Ermənistan-İran sərhədində “yaşıl dəhliz” yaradılır

Ermənistan və İran Norduz-Mehri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş "yaşıl" gömrük dəhlizinin yaradılması barədə razılığa gəliblər.
Sfera.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu qərar İranın iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Fərud Əsgərinin Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyanla Culfa şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilib.
Qeyd olunur ki, sentyabrın 12-də keçirilən görüşdə tərəflər ticarətin inkişafına və asanlaşdırılmasına şərait yaratmaq məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və iki ölkə arasındakı sərhəddən malların daşınmasının sürətləndirilməsi ilə bağlı bir sıra tədbirlər razılaşdırıblar.
Xüsusilə, İran-Ermənistan sərhədində sadələşdirilmiş gömrük "yaşıl" dəhlizinin tətbiqi barədə razılıq əldə olunub. Bunun yük maşınlarının gözləmə müddətini azaltması gözlənilir. Digər razılaşmaya əsasən, yükün gəlişindən əvvəl məlumat mübadiləsi (Pre-Arrival) elektron şəkildə gücləndiriləcək.
Bu isə yük maşınlarının ölkəyə girişinin rəsmiləşdirilməsi zamanı inzibati prosedurların həcmini azaltmağa imkan verəcək. Ermənistan və İran sənədlərin yoxlanılmasını da sadələşdirmək, kağız sənədləri elektron sənədlərlə əvəzləmək barədə razılığa gəliblər.
Tərəflər həmçinin səlahiyyətli iqtisadi operatorların (SİO) statusunun qarşılıqlı tanınmasına dair sənədi müzakirə edərək təsdiqləyiblər. Bu status gömrük xidmətlərinin müəyyən etdiyi tələblərə cavab verən ayrı-ayrı şirkətlərə verilir.






