"Tramp marşrutu"nda yenilik: Sərhədlərin delimitasiyası başlana bilər

Ermənistan və Azərbaycan arasında “Tramp marşrutu”nun (TRIPP) keçəcəyi ərazilərdə dövlət sərhədinin ayrı-ayrı hissələrinin delimitasiyası həyata keçirilə bilər.
Sfera.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputat, parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, TRIPP layihəsinin faktiki icrasına başlanıldıqdan sonra dəmir yolu, neft və qaz kəmərlərinin keçəcəyi bəzi ərazilərdə sərhədin lokal hissələrinin delimitasiyası ilə bağlı işlərin aparılması mümkündür.
“TRIPP reallaşdırılmağa başlayanda, yəni layihə ərazidə həyata keçirilərkən, məsələn, dəmir yolunun keçəcəyi və ya neft-qaz kəmərlərinin çəkiləcəyi hissələrdə qismən delimitasiya işlərinin aparılması ehtimalı var. Bu baxımdan, ayrı-ayrı lokal ərazilərdə delimitasiya prosesinin məntiqində dəyişiklik ola bilər. Lakin ümumi yanaşma ondan ibarətdir ki, delimitasiya prosesi şimaldan cənuba doğru aparılmalıdır”, - deyə Xandanyan bildirib.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekununda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında sülh nizamlanmasına və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar.
Layihə sonradan “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlandırılıb.
Bəsti Rəfizadə






