Gərginlik pik həddə: Rusiya bu ölkəni “itirir”

Rusiya ilə Ermənistan arasındakı gərginlik getdikcə pik nöqtəyə çatmaqdadır və bu, təsadüfi deyil. Çünki Ermənistan Rusiya ilə mövcud ittifaq münasibətlərini sonlandırmağa, Avropa Birliyinə və ümumilikdə Qərbə doğru addımlamağa çalışır. Ermənistan artıq bunu gizlətmir. Həm Baş nazir Nikol Paşinyan, həm onun rəhbərlik etdiyi siyasi qüvvə, həm də ölkədəki yüksək vəzifəli şəxslər açıq şəkildə bildirirlər ki, Ermənistan Avropa Birliyinə üzvlüyə namizəd olmaq və Avropa iqtisadi məkanına inteqrasiya etmək istəyir.
Bunu Sfera.az-a açıqlamasında politoloq Turab Rzayev Rusiya ilə Ermənistan arasında baş verən gərginliyi şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan KTMT-də iştirakını dondurub və təşkilatdan çıxmaq niyyətini ortaya qoyub:
“İrəvanın Rusiyadan uzaqlaşmaq siyasəti artıq açıq şəkildə ifadə olunur. Eyni zamanda Avrasiya İqtisadi İttifaqından, başqa sözlə, Rusiyanın rəhbərlik etdiyi iqtisadi inteqrasiya platformasından uzaqlaşmaq istiqamətində addımlar atır. Hətta yaxın vaxtlarda Nikol Paşinyan Rusiyanın Ermənistan iqtisadiyyatındakı rolunun azaldılmasını gündəmə gətirib. Bütün bunların fonunda Ermənistan-Rusiya münasibətlərində gərginlik səviyyəsi yüksəlir. Rusiya Ermənistandan idxal olunan bəzi məhsullara məhdudiyyətlər tətbiq edir, enerji resurslarının Ermənistan üçün daha yüksək qiymətlərlə satılacağı bildirilir. Bunun da ölkədə enerji qiymətlərinin artmasına səbəb ola biləcəyi gözlənilir. Rusiyadan Ermənistana pul köçürmələrinin azalması, erməni içkiləri və kənd təsərrüfatı məhsullarına tətbiq olunan məhdudiyyətlər də iki ölkə arasındakı iqtisadi münasibətlərə ciddi təsir göstərir. Rusiyada erməni diasporuna və erməni biznes dairələrinə təzyiqlərin artdığı müşahidə olunur”.
Ekspertin fikrincə, Rusiyanın son iqtisadi təzyiqləri onu göstərir ki, Moskvanın Ermənistana təsir imkanları əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb:
“Hazırda Rusiya Ermənistanı siyasi və iqtisadi baxımdan itirmək riski ilə üz-üzədir”.






