İstanbulda kritik zirvə - “Məkkə İttifaqı” toplandı

İstanbulda kritik zirvə - “Məkkə İttifaqı” toplandı
Kateqoriya məlum deyil
T

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan “Məkkə Birgə Müdafiə Sazişi” çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası İstanbulda başlayıb.

Sfera.az xəbər verir ki, Türkiyənin ev sahibliyi etdiyi toplantıda üç ölkənin xarici işlər və müdafiə nazirləri, eləcə də Baş Qərargah rəisləri iştirak edir.

İclas çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla görüş keçirib.

Hansı məsələlər müzakirə olunacaq?

İclasda beynəlxalq təhlükəsizlik məsələlərinin əsas gündəm mövzularından biri olacağı gözlənilir.

Bundan əlavə, üç ölkənin müdafiə imkanlarının inkişaf etdirilməsi, silahlı qüvvələr arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə istehsal və tədqiqat-inkişaf layihələrinin həyata keçirilməsi müzakirə olunacaq.

Tərəflərin terrorla mübarizədə birgə səylərin artırılması məsələsini də nəzərdən keçirəcəyi bildirilib.

Toplantı çərçivəsində Strateji Siyasi və Müdafiə Komitəsinin müəyyən edəcəyi ortaq fəaliyyət istiqamətləri üzrə işləri koordinasiya edəcək katibliyin və digər mexanizmlərin formalaşdırılması ilə bağlı çərçivənin müəyyənləşdirilməsi də gözlənilir.

Eyni zamanda, qarşıdakı dövrdə atılacaq addımları əhatə edən yol xəritəsinin hazırlanması planlaşdırılır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif avqustun 7-də Məkkədə “Birgə Müdafiə Sazişi” imzalayıblar.

Saziş Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının regionda və beynəlxalq arenada artan qeyri-sabitliklər fonunda birgə məsuliyyət və regional sahiblənmə prinsipi əsasında təhlükəsizlik əməkdaşlığını gücləndirməsini nəzərdə tutur.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR