Paşinyan Rusiyaya çağırış etdi: "Üçüncü ölkəyə verin"

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin dəmir yollarını idarə edən Rusiyanın konsessiya hüququndan imtina etməsini istəyib.
Sfera.az xəbər verir ki, baş nazir bildirib ki, Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunması ölkənin beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyası üçün tarixi fürsəti itirmək riski yaradır.
O, Rusiyadakı tərəfdaşlarına konsessiya hüququnu həm Ermənistan, həm də Rusiya üçün məqbul olan üçüncü ölkəyə satmağı təklif edib.
Paşinyan Azərbaycanı Naxçıvanla birləşdirəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsindən də danışıb. Onun sözlərinə görə, bu layihə təkcə Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi yaratmayacaq, həm də Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyasına imkan verəcək.
Baş nazir qeyd edib ki, Azərbaycan ərazisindən keçən dəmir yolu Ermənistanı Rusiya və Mərkəzi Asiya ilə də birləşdirə bilər.
Baş nazir Rusiyanın Ermənistana tətbiq etdiyi ixrac məhdudiyyətlərinin isə erməni müxalifətinin təşəbbüsü ilə həyata keçirildiyini iddia edib. Paşinyanın sözlərinə görə, məqsəd ölkədə sosial-iqtisadi böhran yaratmaq və əhalini hökumətə qarşı qaldırmaqdır.
Paşinyan Ermənistanın 1915-ci il hadisələri ilə bağlı mövqeyinə də toxunaraq, tarixi hadisələrin beynəlxalq aktorlar tərəfindən siyasi məqsədlərlə “silaha çevrilməsinə” son qoyulmasının vacibliyini vurğulayıb.
Bəsti Rəfizadə






