Putin üçün qorxunc ssenari – “Ölüm fərmanı”nı onlar imzalayacaq – TARİX

Bolqarıstanlı kahin Baba Vanqanın 2026-cı il üçün verdiyi proqnozlar yenidən gündəmə gəlib. Rusiya Prezidenti Vladimir Putinlə bağlı deyilənlər isə müzakirələri alovlandırıb. Belə ki, iddialara görə, Putin ilin sonuna kimi hakimiyyətdən gedəcək və onun yerinə yeni lider gələcək. Hazırda isə Rusiya Prezidentinin yaxın zamanda istefa verəcəyinə və ya hakimiyyətdən gedəcəyinə dair açıq ictimai əlamətlər yoxdur. Putinin səhhəti və siyasi gələcəyi ilə bağlı müxtəlif iddialar uzun illərdir yayılır. Lakin bunlar indiyədək hakimiyyət dəyişikliyi ilə nəticələnməyib.
İl başa çatmamış sözügedən proqnozun reallaşması üçün nələr baş verməlidir? Putinin hakimiyyətdən getməsi real görünürmü?
Sfera.az bildirir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Rusiyada hakimiyyət dəyişikliyinin baş verməsi üçün hazırda hər hansı hadisə baş verməyib:
“Mahiyyət etibarilə, Rusiyanın Ukrayna cəbhəsində yaşadıqları hakimiyyət dəyişikliyi üçün əsaslar yaradır. Sadəcə, Rusiyada demokratik, xalqa hesabatlı bir hakimiyyət yoxdur. Ona görə də Vladimir Putin istədiyi hər şeyi edir, hakimiyyət müddətini uzadır. O, 27 ildir ki, ölkəni idarə edir. Rusiya hazırda tənəzzül dövrünü yaşayır”.
Ekspert bildirib ki, adətən Qərb ölkələrə cəmiyyəti bir şeyə inandırmaq istəyəndə Nostradamusun adından istifadə edirlər:
“Onun dili ilə hansısa proqnozlar verirlər. Rus kəşfiyyatı isə daha çox Baba Vanqadan istifadə edir. Yəni öz planlarını Vanqanın kəhanətləri kimi cəmiyyətə sırıyırlar. Vanqanın dili ilə Putinin hakimiyyətdən gedəcəyi məsələsi gündəmə gəlibsə, görünür, Rusiya elitasında belə bir fikir var və cəmiyyəti buna hazırlayırlar. Rusiya-Ukrayna savaşı dalana dirənib, dəyişikliyə ehtiyac var. Yeni lider gəlməli, savaşı ya dayandırmalı, ya da fərqli strategiya izləməlidir. Rusiya siyasi elitası istəsə, Putin hakimiyyətdən gedə bilər. Ölkədə yaranmış böhran çox dərindir və onu Putinin həll edəcəyi real görünmür”.






