İran ABŞ-yə məxsus hərbi obyektləri vurduğunu iddia etdi

İran ordusu Küveytdə yerləşən və ABŞ qüvvələrinin istifadə etdiyi Əhməd əl-Cabir Hərbi Hava Bazasına kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiyini bəyan edib.
Sfera.az xəbər verir ki, İran dövlət televiziyasında yayımlanan rəsmi açıqlamada bazadakı ABŞ ordusuna məxsus bir sıra hərbi obyektlərin hədəfə alındığı bildirilib. Məlumata görə, əməliyyatın əvvəlcədən planlaşdırıldığı və yalnız hərbi hədəflərə yönəldiyi iddia olunub. Tehran hücumun səbəbi kimi bir gün əvvəl Keşm adasında mülki yaşayış evinin hədəfə alındığını göstərib.
İran tərəfi sözügedən əməliyyatın həmin hadisəyə cavab xarakteri daşıdığını və “cavab zərbəsi” olduğunu vurğulayıb. İran ordusunun açıqlamasında bildirilib ki, hücum zamanı Əhməd əl-Cabir Hərbi Hava Bazasında yerləşən ABŞ-yə məxsus döyüş təyyarələrinin anqarları, peyk rabitə sistemləri və sursat anbarları kamikadze PUA-larla hədəfə alınıb. Hadisə nəticəsində dəyən zərər və ya insan tələfatı barədə məlumat verilməyib. İranın irəli sürdüyü iddialar isə hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Qeyd edək ki, Əhməd əl-Cabir Hərbi Hava Bazası ABŞ-nin Yaxın Şərqdə həyata keçirdiyi hava əməliyyatları, kəşfiyyat və müşahidə fəaliyyətləri baxımından strateji əhəmiyyətə malik obyektlərdən biri hesab olunur.
Bəsti Rəfizadə
Sfera.az






