Pezeşkian ABŞ-ni hədələdi: Yeni müharibəyə bir neçə ay qalıb

ABŞ və İran arasında son aylarda müşahidə olunan nisbi yumşalmaya baxmayaraq, tərəflər arasında qarşılıqlı ittihamlar və sərt bəyanatlar səngimək bilmir. Xüsusilə nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələləri ətrafında fikir ayrılıqları Vaşinqtonla Tehran arasında etimadın formalaşmasına imkan vermir. Danışıqlar masasında müəyyən irəliləyişlərin əldə olunduğu bildirilsə də, hər iki tərəfin ehtiyatlı mövqeyi və zaman-zaman səsləndirilən xəbərdarlıqlar prosesin nə qədər kövrək olduğunu göstərir. İran Prezidenti Məsud Pezeşkianın son açıqlamaları da məhz bu fonda diqqət çəkir. O, danışıqların gələcəyinin tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə əməl etməsindən asılı olduğunu vurğulayaraq, razılaşmalardan kənar bəyanatların prosesi təhlükə altına sala biləcəyinə işarə edib.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, tərəflər arasında danışıqlar davam edir.
Onun sözlərinə görə, ABŞ ilə İran arasınsa müəyyən fikir ayrılıqlarının olmasına baxmayaraq, irəliləyiş var:
“Bunu həm Vaşinqton, həm də Tehran təsdiqləyir. Amma vəziyyət kifayət qədər kövrəkdir. Əvvəl də dediyimiz kimi, nə İran, nə də ABŞ növbəti eskalasiyada maraqlıdır. Ancaq tərəflərin hər birinin özünü qalib kimi elan etməsi vəziyyəti çətinləşdirir.
Proseslərin inkişafı göstərir ki, ABŞ müəyyən mənada əvvəlki mövqeyini dəyişməli və geri addım atmalı oldu. Bu, bir neçə faktorla bağlıdır. Birincisi amil ABŞ-də keçirilən futbol üzrə Dünya Çempionatıdır. Sözsüz ki, mühüm idman tədbirinə ev sahibliyi etdiyi bir vaxtda ABŞ-yə İranla gərginlik sərf etmir. İkincisi, noyabr ayında ABŞ-də keçiriləcək aralıq seçkiləri ərəfəsində Trampın reytinqi onsuz da xeyli aşağı düşüb. Bu, xeyli dərəcədə onun xarici siyasət kursu, o cümlədən İranla müharibə ilə bağlıdır. Bu baxımdan Ağ Ev rəhbəri onu gözləyən təhlükəni anlayaraq, geri çəkilməyi seçdi.
Üçüncüsü, İranla müharibə ABŞ hərbi – siyasi elitasında ciddi fikir ayrılıqlarına səbəb oldu.
Dördüncü və bəlkə də, ən vacibi ABŞ-nin İranla bağlı hesablamaları özünü doğrultmadı”.
K.Novruzov qeyd edib ki, Pezeşkianın səsləndirdiyi fikirlər ABŞ-yə xəbərdarlıqdır:
“İran Prezidenti dolayı yolla demək istəyir ki, ABŞ danışıqların şərtlərindən yayınsa növbəti müharibə başlaya bilər və bunun məsuliyyətini qarşı tərəf daşıyacaq. Vaşinqton və Tehran arasında birdən – birə davamlı sülhün təmin olacağını gözləmək də doğru olmaz. Ən azından ona görə ki, tərəflər “yüksək tonla” danışmağa davam edirlər. Bu isə ciddi kompromis barədə danışmağa əsas vermir. Yəqin ki, danışıqlar davam edəcək. Hə iki tərəf mümkün qədər vaxtı uzatmağa çalışacaqlar. İlin sonuna doğru yeni savaşın başlanması mümkündür”.
Firuzə Əliyeva
