Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın etdilər
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 11-də Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gələn 2 maskalı şəxsin orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından qaçıb aradan çıxmaları barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Tural Qarayev və Məhəmməd Mirzəyev olduqları müəyyən edilib.
İstintaq və əməliyyat tədbirləri aparılır.