Azərbaycanda əlillik müddətsiz təyin ediləcək - FƏRMAN
Prezident İlham Əliyev əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasında vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, habelə əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılsın.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üç ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanını yaratmaq məqsədi ilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etmək; əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi məqsədi ilə edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatları elektron formada real vaxt rejimində TSERAS-a ötürülməsini təmin etmək; əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı məlumatların əldə edilməsi imkanını yaratmaq məqsədilə müayinə olunan şəxslərin, işəgötürənlərin və fəaliyyəti ilə bağlı bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə TSERAS-a çıxışını təmin etmək tapşırılıb.
Səhiyyə Nazirliyi iki ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini yaratmalı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışını təmin etməli; tibbi-sosial ekspertiza müayinəsinə göndəriş barədə məlumatların müayinəyə göndərilən şəxslər tərəfindən elektron formada əldə olunması imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etməlidir.
Həkim-məsləhət və ya hərbi-həkim komissiyaları fəaliyyət göstərən dövlət orqanlarına tapşırılır ki, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil olunmasını təmin etsinlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iki ay müddətində bu fərmanda nəzərdə tutulan informasiya-proqram resurslarının “Elektron hökumət” portalına inteqrasiyasını və həmin resurslardan müvafiq dövlət qurumlarının istifadə imkanını təmin edəcək; tibbi-sosial ekspertiza müayinəsinə göndərişləri təqdim edən səlahiyyətli şəxsləri gücləndirilmiş elektron imza ilə təmin edəcək.
Nazirlər Kabinetinə birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etmək; tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydalarını, əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlərin sadələşdirilmiş qaydada rəsmiləşdirilməsini nəzərdə tutmaqla, Azərbaycan Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq etmək; əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərini və ehtiyatlarını müəyyən edib, onları bir ay müddətində “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına əlavə etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.