Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 16-da şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, axşam bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.