“Onların halına çox acıyırıq...” - Prezident Suriya danışıqlarında

“Onların halına çox acıyırıq...” -  Prezident Suriya danışıqlarında

Bu gün Londonda “Suriyaya və regiona dəstək” konfransı keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali

 İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri

 Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah

 əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə konfransda iştirak edib.

Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə 

keçirilən konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və 

təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, 

onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilib.

Dövlət başçısı konfrans çərçivəsində keçirilən “Təhsil” mövzusunda sessiyada çıxış edib:

“-Zati-aliləri, xanımlar və cənablar.

Biz Suriya qaçqınlarının halına çox acıyırıq. Müstəqillik illərində - 1990-cı illərin əvvəlində qonşu 

Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib.

 Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu.

 Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə 

düşdü.

Bu, həqiqətən də humanitar fəlakət idi. O zaman ölkəmiz çox gənc və kasıb idi. Həmin vaxt adambaşına düşən

 qaçqın sayına görə ən yüksək göstərici olan səkkiz milyon əhalidən bir milyonu evsiz və işsiz qalaraq, yaşayış imkanlarından məhrum olmuşdur. Biz beynəlxalq humanitar təşkilatlara, xüsusilə tariximizin çətin məqamında

 bizə dəstək olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarıq.

Bu gün Azərbaycan özü donor ölkədir. Biz, Suriya qaçqınları da daxil olmaqla maliyyə yardımını təmin edirik.

 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi müəyyən edilmişdir. Əfsuslar ki, o vaxtdan bəri

 danışıqlar masası ətrafında bu münaqişənin həlli ilə bağlı ciddi irəliləyişə nail olunmamışdır. BMT-nin 

Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və 

qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, Ermənistan 

tərəfindən bu qətnamələrə məhəl qoyulmur.

Lakin 1994-cü ildə atəşkəs razılığının əldə olunması bizə inkişaf etmək imkanını verdi. O vaxtdan bəri 

Azərbaycanın inkişafı çox sürətli olub. Biz demək olar ki, 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə

 bildik. Bizdə qaçqınlar da daxil olmaqla 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların

 təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz

 təşkil edir. Ümumilikdə işsizlik və yoxsulluq 5 faizdir. Mən bu göstəriciləri nəyə görə sizin diqqətinizə

çatdırıram? Çünki ölkə yalnız sabitlik və sülh şəraitində inkişaf edə və böyük çətinliklərin öhdəsindən gələ bilər.

Bu gün biz bir çox çıxışları və yardım çağırışlarını dinlədik. Azərbaycan Suriyada humanitar inkişafa artıq

 töhfə vermiş və verəcək ölkələr arasındadır. Lakin ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır. Yalnız 

bundan sonra iş yerləri açılacaq, təhsil istənilən səviyyədə olacaq və insanlar öz gələcəyinə inanmağa başlayacaqlar. 

Biz bu böyük iqtisadi və sosial çətinliklərdən əziyyət çəkmiş bir ölkə kimi buna necə nail olmağın yolunu bilirik.

 Biz iş yerlərinin yaradılmasında təcrübəmizi paylaşa bilərik. Son on illikdə Azərbaycanda 1,5 milyon iş yeri

 yaradılmışdır. Biz təhsil sahəsindəki təcrübəmizi də paylaşa bilərik. Ölkəmizdə 3 mindən çox məktəb inşa 

edilmişdir və dediyim kimi, Azərbaycanda 100 faizlik savadlılıq səviyyəsinə nail olunmuşdur. Humanitar 

böhranın idarə olunması üzrə təcrübəmizi də paylaşa bilərik və biz bunu edəcəyik. Lakin ən önəmlisi sülhdür. 

Buna görə də Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran bir 

nömrəli məsələdir. Əminəm ki, bu gün apardığımız müzakirələr həmin siyasi həllin tapılmasında öz vacib rolunu oynayacaqdır. Bu gün Azərbaycan əsaslı maliyyə və iqtisadi potensialı olan bir ölkə kimi buna sülh deyil, 

yalnız atəşkəs şəraitində nail ola bilmişdir.

Əlbəttə ki, biz Suriyadakı bacı və qardaşlarımıza dəstək olmaqda davam edəcəyik. Biz Suriya qaçqınlarını 

qəbul etmək üçün üzərinə belə böyük bir yükü götürən ölkələrə minnətdarıq. Bir daha qeyd etmək istəyirəm, 

biz buraya sülhü və bu cür dəyərləri təşviq etmək üçün gəlmişik. Bu baxımdan Azərbaycan öz vacib rolunu 

oynamağa davam edəcəkdir. Çox sağ olun”.


OXŞAR XƏBƏRLƏR