Vəzifəli şəxslərlə bağlı cinayət işi başlandı
"Tempo Trips" və "365 Tourism" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş çoxsaylı vətəndaş müraciətləri əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, araşdırma zamanı həmin şirkətlərin vəzifəli şəxslərinin qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xarici ölkələrdə işlə təmin edilmək məqsədilə onlara müraciət etmiş çoxsaylı vətəndaşlara yalan vədlər verməklə sonuncuların külli miqdarda pul vəsaitini qanunsuz olaraq ələ keçirdiklərinə dair əsaslı şübhələr müəyyən edilib.
Fakta görə, Baş İdarədə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun "961" Çağrı mərkəzinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.