QHT, dövlət və KİV təmsilçiləri üçün təlim keçirilir



Mingəçevir Valideynlər Assosiasiyası noyabrın 21-dən Mingəçevir Media Mərkəzində Çexiya ("Transitions”) və Polşadan ("Linking Media”) olan tərəfdaşları ilə birgə Avropa Birliyinin maliyyələşdirdiyi və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən "Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair təlimlərə start verib. MVA prezidenti və layihə komandasının rəhbəri Fərman Nəbiyev saytımıza açıqlamasında bildirib ki, bu təlimlərə Bakıdan və Azərbaycanın digər bölgələrindən QHT, dövlət və KİV təmsilçiləri qatılıb: "3 gün ərzində onlar açıq məlumatlar konsepsiyasını müzakirə edəcəklər, Belorus, Avropa Birliyi və dünya KİV-lərinin, QHT və dövlət orqanlarının açıq məlumatlarla işləmə təcrübəsini öyrənəcəklər. İştirakçılar açıq məlumat portalları, məlumat mənbələri, vizuallaşdırma alətləri ilə tanış olub, xəritələr üzərində işləməyi də öyrənəcəklər”.
F.Nəbiyevin sözlərinə görə, cümə axşamı Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri üçün mitap təlimi təşkil olunub, 25 noyabrdan isə növbəti qrup üçün üç günlük təlimə başlanıb: "Məqsəd auditoriyanı açıq məlumatlarla tanış etmək və gələcəkdə onlara məlumatları hamının başa düşəcəyi şəkildə təqdim etməyi öyrətməkdir”
Mingəçevir İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev ölkə üçün vacib olan belə tədbirin Mingəçevirdə keçirilməsindən məmnunluğunu ifadə edib. Şəhər statistika İdarəsinin rəisi Etibar Kərimov maraqlı ideyalarla çıxış edib.
Tədbirləri izləyən və təlimlərin gedişindən məmnun qalan BMTİP əməkdaşları əmin olduqlarını bildiriblər ki, proqramın uğurla icrası Azərbaycanın hökümət, QHT və KİV nümayəndələrinə əhali ilə daha rahat işləmək imkanı yaradacaq.
Noyabrın 27-dək davam edəcək təlimləri "Linking Media” təşkilatının nümayəndəsi, media üzrə mütəxəssis Lyaksey Lyavonçik idarə edir.