İrəvan silahlanma YOLUNDA: “Paşinyanın növbəti planı budur”

Yunanıstanın müdafiə naziri Nikos Dendias İrəvana rəsmi səfər edib. O, səfər çərçivəsində ölkənin hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparacaq. Hər iki ölkə axırıncı dəfə ötən ilin dekabrında hərbi-texniki əməkdaşlığa dair saziş imzalamışdı.
Qeyd olunur ki, Fransa müdafiə naziri Sebastyan Lekornudan sonra yunan həmkarının İrəvana gəlişi Ermənistanın silahlanlanma işinin şaxələndirməsi ilə bağlıdır.
Bununla əlaqəli Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Yunanıstan Ermənistanın silahlandırılmasında iki rola malikdir:
“Yunanıstan həm də arsenalında olan Qərb silahlarının Ermənistana ötürülməsi işini həyata keçirir. Məsələn, ötən il Fransa-Almaniya istehsalı olan “Milan” tank əleyhinə raketlərin bu ölkə tərəfindən ermənilərə verildiyi haqda məlumatlar var idi. Digər tərəfdən, Yunanıstan Fransanın Ermənistana silah daşınmasında əsas marşrutlardan biri rolunu oynaya bilər. Parisin İrəvanı silahlandırmasında ən unikal marşrut Qara dəniz yoludur. İstisna deyil ki, Paşinyanın Fransadan sonra Yunanıstana səfərinin gündəliyindəki əsas məsələlərdən biri də bu olub. Lakin silah marşrutunun tamamlanması və Ermənistana çıxışın əldə edilməsi üçün Gürcüstanın da razılaşması vacibdir. Rəsmi İrəvan bu istiqamətdə işləyir. Lekornunun İrəvana gəlişindən bir gün sonra Paşinyanın Gürcüstanın yeni baş naziri İrakli Kobaxidzeyə zəngi də bunu deməyə əsas verir”.
Ekspert bildirib ki, Ermənistanın silahlanmasında Paris-Afina-Tbilisi-İrəvan marşrutu prioritet yola çevrilə bilər:
“Aydındır ki, daşınacaq silahlar “Bastion” kimi təhlükə yaratmaq riski aşağı olan yox, daha ağır və təhlükəli texnika olacaq. Rəsmi Tbilisinin Bakı və Ankara ilə münasibətlər fonunda İrəvana silah daşınmasında “nəfəslik rolu”nu üzərinə götürüb-götürməyəcəyi, yaxud bunu nə qədər edəcəyi Ermənistanın silahlanmasında həlledici amil olacaq. Bakı “Bastion”ların daşınmasında sərgilədiyi loyal mövqeyi ağır hərbi texnikaların daşınmasında göstərməyə bilər”.
Günay