Bu şirkətlər vergiyə cəlb olunacaq - Qaydalar TƏSDİQLƏNDİ + AÇIQLAMA

Ötən ilin sonu Nazirlər Kabineti sənəd qəbul edib. Hökumət nəhayət ki, ölkəmizdə internet üzərindən xidmət göstərən, elektron ticarətlə məşğul olan qlobal xarici şirkətləri də (Google, Facebook, Apple, Netflix, Twitter, Amazon və s.) vergiyə cəlb etməyi nəzərdə tutan yeni Qaydaları təsdiqləyib.
Bu Qaydalara görə adı çəkilən şirkətlər Dövlət Vergi Xidmətinin (DVX) elektron platformasında vergi uçotuna düşməlidirlər.
Sfera.az xəbər verir ki, bu barədə fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, qonşu ölkələr bir neçə il əvvəl “Google vergisi” adlanan bu sənədi qəbul ediblər:
“Statistikalarına nəzər salsaq görərik ki, bu ölkələrdə yüzlərlə xarici şirkətlər vergi uçotuna alınıblar və onlardan milyonlarla vergi toplanıb. Avropada isə on illər öncədən qlobal şirkətlər üçün bu praktika tətbiq edilirdi. Azərbaycanda isə Dövlət Vergi Xidməti bu vergini, yəni xaricdən alınan xidmət və məhsulara görə ƏDV-ni elə vergi ödəyicisi olmayan bizim vətəndaşlardan tuturdu. Yeri gəmişkən, bir çox qurumlar və şəxslər də bu vergini verməmək üçün xarici bank kartlarından ödənişlər edirdi. Yəni “Google”nin 100 manatlıq bir xidməti üçün vətəndaş bizim bank kartı ilə təxminən 120 manatadək ödəniş etməliydisə, xarici bank kartı ilə elə həmin 100 manatı ödəyirdi. İndi isə DVX bu vergiləri bu xidmətləri təqdim edən, uçota alınan xarici şirkətlərdən almağı hədəfləyib. Düşünürəm ki, çox doğru addımdır, təəssüf ki bu sahədə xeyli gecikdik, bu qaydalar çoxdan qəbul edilməliydi. Maraqlı bir məqam həm də ondan ibarətdir ki, hökumətin bu addımından sonra vergi uçotuna cəlb olunan xarici şirkətlər Azərbaycan üçün nəzərdə tutulan xdimətləri bahalaşdıra da bilərlər. Yuxarıda adı çəkilən qaydalar qüvvəyə minəndən sonra bizim vətəndaşlardan bu tip vergilərin alınmasını nəzərdə tutan köhnə qaydaların ləğv edilməsi də məntiqli olardı”.
lÜkər Abdurahmanlı