Azərbaycanda 2023-cü ildə iqtisadi artım sürəti xeyli zəifləyib – RƏQƏMLƏR

Azərbaycanda 2023-cü ildə iqtisadi artım sürəti xeyli zəifləyib – RƏQƏMLƏR

2023-cü il Azərbaycan iqtisadiyyatında artım sürətinin xeyli dərəcədə zəifləməsi ilə yadda qalacaq. 


Sfera.az xatırladır ki, iqtisadi artım sürəti 2021-ci ildə 5,6 faiz, 2022-ci ildə 4,6 faiz olduğu halda 2023-cü ildə iqtisadi böyümə 1 faiz, hətta ondan da bir qədər az ola bilər. 


Cari ildə iqtisadi artım sürətinin xeyli zəifləməsinin səbəbi neft və qaz sektorunda artımın olmamasıdır. İlin 11 ayının nəticələrinə əsasən, neft-qaz sektorunda yaradılan dəyər real qiymətlərlə 1,6 faiz azalıb. 


Neft-qaz sektorunda baş verən kiçilmə ümumən iqtisadi artım sürətini nəzərəçarpacaq dərəcədə zəiflədib. 


Lakin qeyd edək ki, 2021 və 2022-ci illərdə iqtisadi artım sürətinin yüksək olması heç də neft-qaz sektorundakı vəziyyətlə bağlı olmayıb. Həmin illərdə iqtisadi böyümənin yüksək olması daha çox qeyri neft-qaz sektorundakı artımın sürətinin çox yüksək olması ilə əlaqədar olub. 


2021-ci ildə iqtisadi artım neft-qaz sektorunda 1,8 faiz, digər sektorda 7,2 faiz təşkil edib. Məhz qeyri neft-qaz sektorunda böyümə sürətinin çox yüksək olması ümumən iqtisadi artımın 5,6 faizə çatmasına imkan yaradıb. 


2022-ci ildə neft-qaz sektorunda yaradılan dəyər 2,7 faiz azalıb. Amma qeyri neft-qaz sektorundakı 9,1 faizlik artım hesabına ümumən iqtisadiyyat 4,6 faiz böyüyüb. 
2023-cü ildə isə neft-qaz sektorunda istehsal 1,6 faiz azalmaqla bərabər, qeyri neft-qaz sektorunda artım sürəti xeyli zəifləyərək 3,2 faizə düşüb. Məhz qeyri neft-qaz sektorunda böyümənin nəzərəçarpacaq dərəcədə zəifləməsi ümumən iqtisadi artım sürətini 0,8 faizə qədər azaldıb. 


Bu vəziyyət ondan xəbər verir ki, qarşıdakı illərdə də Azərbaycan iqtisadiyyatında artım sürəti əsasən qeyri neft-qaz sektorundan asılı olacaq. Qeyri neft-qaz sektorundakı vəziyyət ümumən iqtisadiyyatdakı artım imkanlarına təsir edəcək. 


Ümumilikdə, 2015-ci ildə baş verən devalvasiyadan sonra Azərbaycan iqtisadiyyatında böyümə sürəti xeyli zəifləyib. Məhz artım sürətinin zəifləməsi ilə əlaqədar olaraq 2015-2023-cü illərdə iqtisadiyyatda cəmi artım 9 faiz təşkil edib ki, bu da inkişaf etməkdə olan bir ölkə üçün pis göstəricidir.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin əməkhaqları "“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tab...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis edilib

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.  ...

Vergi Məcəlləsinə dəyişiklik qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin aprelin 11-də qəbul etdiyi Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.  ...

Rusiya nümayəndə heyəti İstanbuldadır - "Rəsmi Moskva ciddi işə hazırdır"

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün İstanbula gəlib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zax...

Azərbaycan bu ölkələrdən 1,7 milyard dollarlıq qızıl alıb - Siyahı

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 milyard 703,7 milyon ABŞ dolları dəyərində 18 min 941,9 kiloqram qızıl idxal edilib.   Sfera.az...

Bülent Ersoy vəsiyyətini açıqladı - Tanınmış müğənni nələrə sahibdir?

Dəbdəbəli həyatı və bahalı zövqləri ilə ara-sıra gündəmdə olan türk müğənnisi Bülent Ersoy İzmirdə səhnəyə çıxıb. Səhnədə vəsiyyəti ilə bağlı açıqlama verən müğ...