Qubadan Qəbələyə getmək üçün niyə Bakıya gəlmək lazımdır? – “Əvvəl “at yolu” olub, indi isə...”

Qubadan Qəbələyə getmək üçün niyə Bakıya gəlmək lazımdır? – “Əvvəl “at yolu” olub, indi isə...”

Qusar və Quba istiqamətindən Şəki və Qəbələyə birbaşa yol yoxdur. Qubadan Şəkiyə getmək istəyən şəxslər Bakıya gəlib buradan həmin istiqamətdə hərəkət etməlidir ki, bu da yolu çox uzadır. Halbuki hər iki rayon arasındakı məsafə qısadır. Bu isə əhalinin jaqlı narazılığına səbəb olur.

 

Bəs, mövcud şərtlərlə hər iki tərəf arasında daha qısa avtomobil yolunun tikintisi mümkündürmü? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat  məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, Quba-Qusar istiqamətindən Şəki-Qəbələyə əvvəllər yol olub:

 

“Daha doğrusu, ona “at yolu” deyirdilər – insanlar atla,  uzunqulaqla gedib, gəlirdilər. Sonra bu yolun tikintisi barədə layihə hazırlansa da, nədənsə bəzi məmur-oliqarxlar bu yolun çəkilməsinə icazə vermədi. Düzdür, dağlıq ərazi olduğundan relyef baxımından ağır şərtlərdə işləmək lazım gələcək. Amma  insanların rahatlığı, turizmin inkişafı üçün bu, çox əlverişli yoldur. Bununla bağlı elə yerli sakinlərin özləri də narahatdırlar ki, digər bölgələrə səfərimiz niyə Bakı üzərindən baş tutmalıdır, halbuki birbaşa buradan hərəkət etmək olur”.

 

Müsahibimizi əvvəlki cığırın da yox edildiyini, indi istifadə olunmadığını deyib:

 

“Lakin ümumilikdə düşünürəm ki, bu yolun inkişafı bu gün bizim üçün çox əlverişlidir. Hazırda Bakıda, Sumqayıtda yol şəbəkəsini inkişaf etdirsək də, bölgələrdə də buna diqqətlə yanaşmaq lazımdır. Aidiyyatı qurumlar bunu təhlil etməli, rentabelliyi nəzərə alınmalıdır. Turizmin inkişafı üçün bölgələri bir-biri ilə əlaqələndirmək olduqca faydalıdır. Uzaq məsafə qət edən sürücü, əlbəttə, qəza törədir, yorğun olur və digər neqativ hallar baş verir. Amma yaxın məsafədən hərəkət daha təhlükəsiz və rahat ola bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR