İlham Əliyevin Gürcüstan səfərinin MÜMKÜN MƏQSƏDLƏRİ - Açıqlama

İlham Əliyevin Gürcüstan səfərinin MÜMKÜN MƏQSƏDLƏRİ - Açıqlama

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri baş tutub. Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib.

 

Məlum səfərin əsas məqsədi ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri bildirib ki, səfərin mahiyyətini anlamaq üçün son zamanlar regionda baş verən hadisələrə diqqət yetirmək lazımdır:

 

“Çünki belə bir səfərin öncədən planlaşdırıldığı haqqında nə Prezidentin mətbuat xidmətinin, nə də bütövlükdə Azərbaycan mediasının hansısa informasiyası var idi. Bu baxımdan son günlər yaşanan hadisələrə baxmalıyıq. Ermənistanın aktivləşməsi, Azərbaycanla sərhəddə yeni hərbi qüvvələri cəmləşdirməsi, Aİ müşahidə missiyasının sərhədlərlə bağlı müəyyən araşdırmalar aparması, İranın Azərbaycana yönəlik son təhdidlərini gözdən qaçırmaq olmaz. Xüsusilə də İranın Azərbaycan sərhəddində hərbi təlimlər keçirməsi və bu yöndə bəzi təhdidedici açıqlamaların verilməsi Azərbaycan Prezidentinin Gürcüstana səfərini müəyyən mənada açır. Artıq həm Ermənistan, həm də İran səviyyəsində bəzi rəsmi açıqlamalar var ki, İran yeni bir dəhliz yaratmaq istəyir və bu dəhliz Ermənistan vasitəsilə Qara dənizə çıxışı təmin edəcək. Bu dəhlizin formalaşmasında hələlik üç dövlətin- Hindistan, İran və Ermənistanın razılığı olduğu haqqında açıqlamalar var. İndiki vəziyyətdə orta dəhliz adlanan bir dəhliz var, bu da Şərq-Qərb dəhlizidir. Həmin dəhlizin isə qovşağı Ermənistan və İran yox, məhz Azərbaycandır. Azərbaycan bu yöndə sadəcə tranzit yox təşəbbüskar, həmçinin ən ciddi infrasturukturları olan ölkədir. Lakin dövlətimiz Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan da Avropaya çıxışı təmin edəcək bir dəhlizi yaratmaq istəyirdi. Ancaq son günlər İranın aktivləşməsi və Ermənistan vasitəsilə yeni bir dəhliz yaratmaq təşəbbüsü artıq prosesin ləngiyəcəyini ortaya qoyur. Çünki bu məsələni Ermənistan və İranla razılaşdırmadan hələlik birtərəfli qaydada həyata keçirmək mümkün deyil”.

 

N.Mirinin sözlərinə görə, İran və Ermənistanın yaratmaq istədiyi Şərq-Qərb dəhlizinin həyata keçirilməsi yalnız Gürcüstan üzərindən mümkün olacaq:

 

“Fikrimcə, Azərbaycan Prezidentinin bu günkü Gürcüstan səfərində əsas müzakirə predmeti də məhz Şərq-Qərb dəhlizi və Gürcütsanın prosesdə iştirakı ilə bağlıdır. Eyni zamanda Azərbaycan İran və Ermənistanın yeni dəhliz yaratması ilə bağlı atdığı addıma adekvat olaraq öz addımlarını atmaq istəyir və bu zəncirdə əsas həlqələrdən biri Gürcüstandır. Çünki Gürcüstan bu yöndə çox önəmli bir ölkədir və onun vasitəsilə Türkiyəyə, oradan da Avropaya və yaxud Qara dənizə çıxışı çox rahatlıqla təmin etmək mümkündür. Ona görə də Gürcüstan Azərbaycan üçün hələ də strateji mövqeyini saxlamaqda davam edir. Fikrimcə, səfərin əsas məqsədi də məhz bundan ibarətdir”.

 

Yeganə


OXŞAR XƏBƏRLƏR