“Azərbaycanda və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənib” - Fərhad Məmmədov
Nisbi sakitlikdən sonra Moskvanın Rusiya vasitəçiliyi yolunda fəallığı müşahidə olunur. Prezident Putinin Azərbaycan və Ermənistan liderlərini növbəti üçtərəfli görüşə dəvət etdiyinə dair məlumat açıqlanıb. Açıq şəkildə görünür ki, Rusiya təşəbbüsü Avropa İttifaqı (Aİ) və ABŞ-a vermək istəmir. Bu məqsədlə artıq məhdudlaşan bütün mövcud potensialdan istifadəyə başlanılıb.
Sfera.az xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib.
Politoloq söyləyib ki, uğursuz, ardıcıl olmayan və yarımçıq vasitəçiliklə keçən son iki il ərzində Azərbaycanda və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənib:
“Ukraynaya hücumdan sonra Rusiyanın resursları ciddi şəkildə məhdudlaşdırıldı. Hətta Qarabağın erməni əhalisi arasında yalnız hərbi xuntanın yuxarı təbəqəsi Rusiya sülhməramlı qüvvələrini öz varlığının təminatçısı kimi görür”.
Belə vəziyyətdə Rusiya nə edə bilər?
Politoloq hesab edir ki, indiki vəziyyətdə Rusiyanın danışıqlar prosesində iştirakını bərpa etmək cəhdlərinə rasional yanaşmaq çətindir:
“Ermənistan rəhbərliyinin Rusiyanın vasitəçiliyi ilə proseslərə zərbə vurduğunu nəzərə alsaq, Rusiya özünün maksimalist mövqelərindən əl çəkə bilər. Çünki Rusiyanın maksimalist mövqeyini həyata keçirməsi üçün nə resurs, nə də imkanları qalıb.
İndi Rusiya Zəngəzur dəhlizinin və Laçın yolunun girişlərində nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına dözməkdən, sülh müqaviləsi layihəsini Praqa konsepsiyasına çevirməkdən, sülh müqaviləsi layihəsində “status” mövzusundan imtina etməkdən, Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına maneəçilik yaratmamaqdan başqa yolu yoxdur. Bu yol Rusiyanın regiondakı mövqeyini ən azı 2025-ci ilə qədər saxlamaq üçün yeganə şansdır”.
Bəs Rusiya nə edir?
Politoloq deyir ki, Rusiya bunları etmək əvəzinə kələ-kötür yolla gedir:
“Bu, təəccüblü görünməməlidir. Rusiya rəhbərliyi müharibədən sonrakı reallıqları, xüsusən də, Ukraynadakı uğursuzluqlardan sonra yaranan reallıqları həzm etməkdə çətinlik çəkir. Lavrov və Qromov yoldaşlar alternativ variantlar təklif edə bilmirlər. Yalnız Rusiya mediasında Paşinyanın “Qərb meyli” olduğuna dair təbliğat aktivləşdirilir, Vardanyanın layihəsinin təbliğatı aparılır, Qarabağ ermənilərinin fiziki təhlükəsizliyinin yeganə təminatçısının Rusiya olduğu qeyd edilir.
İnformasiya məkanındakı bu artilleriya hazırlığı məhz üçtərəfli görüşdən əvvəl həyata keçirilir, amma Ukrayna cəbhəsində olduğu kimi, informasiya məkanındakı artilleriya hazırlığı da əks effekt verir. Azərbaycanda və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artmaqdadır. Ermənistan öz sərhədində xarici nümayəndəliyin açılmasından imtina etmir, Azərbaycan isə həm Rusiya, həm də Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mövqeyində qətiyyət nümayiş etdirir”.
F.Məmmədov hesab edir ki, yaxın iki ayda vəziyyətin inkişafı Rusiyanın regionda özünə yer açacağından xəbər verir:
“Əsasən Ermənistanda. Çünki orada Rusiyanın varlığı daha geniş idi. Azərbaycanda isə sülhməramlıların funksionallığı dəyişə bilər. Bakı Qarabağda başqa xarici nümayəndəliklərin görünməsinə imkan verməyəcək. Bunun Rusiyanın konstruktiv iştirakı ilə baş verəcəyi, yoxsa onun yeri və roluna məhəl qoymaması Kreml rəhbərliyindən asılıdır”.
Vasif,
Sfera.az