“Cəngəlliksayağı məskunlaşma...” – Ekspert Bakı tıxacının səbəbləri haqda

“Cəngəlliksayağı məskunlaşma...” – Ekspert Bakı tıxacının səbəbləri haqda

Bakıda tıxacların səbəbləri əsas müzakirə mövzularındandır. Artıq bir neçə millət vəkili də problemin həlli istiqamətində təkliflər irəli sürüb, parlament çıxışlarında fikirlərini bölüşüblər.

 

Sfera.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə qeyd edib ki, son illər Bakının daxili hissələri ciddi sıxlaşdırılır, bəzi məhəllələr beton cəngəlliyə çevrilir:

 

“Şəhər ətrafında, təxminən 20-25 il əvvələdək boş olan ərazilərdə isə cəngəlliksayağı, plansız məskunlaşma göz qabağındadır. Heç bir mobillik planı, yol-nəqliyyat infrastrukturunun indiki və perspektiv vəziyyəti nəzərə alınmadan aparılan belə məskunlaşma səbəbindən insanlar elementar gündəlik ehtiyacları üçün kifayət qədər uzaq məsafəyə getməyə məcburdur. Üstəlik, həmin məskunlaşma zonalarında normal küçə-yol şəbəkəsi də saxlanılmayıb. İctimai nəqliyyata əlçatımlıq da  bərbaddır. Nəticədə qaçılmaz tıxaclar yaranır”.

 

Ekspert xüsusilə paytaxtdakı məktəb çatışmazlığı probleminə toxunub:

 

“Abşeron aqlomerasiyasının bütün yeni məskunlaşma ərazilərində - Xırdalanda, Masazırda, Hövsanda, Binəqədidə məktəblər az, şagirdlərin sayı çoxdur. Bunun nəticəsində on minlərlə şagird həmin yaşayış məntəqələrindən şəhər daxilindəki məktəblərə gətirilir. Yeni məskunlaşma ərazilərində mövcud olan az sayda məktəblərin təlim-tədris prosesinin bəyənilməməsi səbəbindən xeyli valideynin şəhər məktəblərinə üstünlük verməsi bu işi bir az da ağırlaşdırır. Nəticədə şəhər girişlərində və xeyli küçələrdə tixac yaranır. Tətil vaxtı həmin yerlərdə tıxacın olmaması, yaxud daha dözülən olması bunu aşkar təsdiq edir. Məsələnin həlli üçün ən azı bundan sonra belə cəngəlliksayağı məskunlaşma və sıxlaşmanın qarşısı alınmalıdır. Həmin ərazilərdə normal məktəblər tikilməli, müasir mobilliyə hesablanan infrastruktur yaradılmasına başlanmalıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR