ABŞ-nin sanksiyaları səmərə verir – Neft 20 faiz ucuzlaşdı

11:59 / 15.03.2022
823
ABŞ-nin Rusiyadan neft idxalını dayandırmasından sonra "qara qızıl”ın qiyməti davamlı enir.
Sfera.az xatırladır ki, ABŞ hökuməti idxalın dayandırılmasına dair qərarını martın 8-də açıqlayıb.
Həmin qərara əsasən ABŞ Rusiyadan gündəlik alınan 770 min barel neft idxalını dayandırdı, neftlə təminatda yaranan kəsir isə daxili mənbələr hesabına ödənildi. Bu qərardan sonra Rusiya gündəlik neft ixracının (5 milyon barel) 15 faizini sata bilmədi.
Bununla bərabər, bank əməliyyatlarına qoyulan qadağa səbəbindən Rusiya neftini almaq istəyənlərin də tələbində azalma qeydə alındı. Hər iki amilin təsiri ilə Rusiya ixrac etdiyi neftin qiymətini 25 dollara qədər azaltdı ki, bu da neft bazarında ümumi qiymət səviyyəsinə təsir etdi.
ABŞ-nin Rusiyaya qarşı neft sanksiyasından sonra "Brent” markalı neftin qiyməti 131 dollardan dünən 106,9 dollara qədər geriləyib. Bu gün birjalar açılanda neftin qiyməti daha 5,7 dollar düşərək 101,2 dollara çatıb. Gün ərzində neftin qiymətində enmənin qalması ehtimalı böyükdür.
Son bir həftədə "Brent” neftinin qiyməti ümumilikdə 18,3 faiz dəyər itirib. Əgər bugünkü eniş davam edərsə, səkkiz günlük qiymət azalması 23 faizə yüksələcək.
Neftin bir həftədəki ucuzlaşma dinamikası son 14 ilin ən böyük enişidir. Birja analitikləri hesab edir ki, qiymət azalmasına Çində "Omikron” ştamına yoluxanların sayının artması və Rusiya-Ukrayna arasında aparılan atəşkəs müzakirələrində müsbət nəticələrə dair gözləntilərin artması da təsir göstərib.
Vasif