Ərdoğanın sədrliyi ilə Zəngəzur müzakirələri - Türkiyə hökuməti bu gün toplanır

Ərdoğanın sədrliyi ilə Zəngəzur müzakirələri - Türkiyə hökuməti bu gün toplanır
Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Beştəpə iqamətgahında baş tutacaq toplantıda Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin müzakirə olunacağı bildirilir.

Maraqlıdır, toplantıda başqa hansı məsələlər öz əksini tapa bilər? Hökumət iclasından gözləntilər nələrdir?

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Elman Məmmədov iclasda Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdən də söz açılacağını deyib:

"Toplantıda təkcə Azərbaycan və Ermənistan arasındakı problemlər yox, həm də Türkiyə-Ermənistan münasibətlərinin müzakirəsi gözlənilir. Çünki işğalçı ölkənin konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var və bu gün də fikirlərindən dönmürlər. Türkiyə prezidenti isə dəfələrlə vurğulayıb ki, Türkiyə - Ermənistan münasibətlərinin normallaşması üçün ermənilərin Türkiyəyə qarşı ərazi iddialarından imtina etməsi və Azərbaycanla düşmənçilik münasibətlərinə son verməsi lazımdır. Biz Ermənistanla münasibətlərin normallaşmasını istəyirik, lakin Ermənistanın da belə bir istəyi olmalıdır. Türkiyə üçün Ermənistan kimi cırtdan, işğalçı dövlətin elə bir əhəmiyyəti yoxdur. Ermənistan gələcəyi üçün Türkiyəyə minnətçi olmalıdır ki, vəziyyət normallaşsın”.
 
Deputat hökumət iclasında Zəngəzur dəhlizinin açılması ilə əlaqədar məsələnin də prioritet olacağını bildirib:

"İclasda Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ prioritet olacaq. Bu, regionun bütün dövlətləri üçün vacib işlərdən biridir. Ermənistan sağlam düşüncə ilə hərəkət etsə, bu dəhlizin açılması ona hamıdan çox lazım olar. Ermənilər xəstə xəyallarından geri çəkilsələr, dəhlizin işləməsi blokadada olan Ermənistan üçün mühüm addım olar. Bundan başqa Azərbaycanın sərhədlərinin təhlükəsizliyi ilə əlaqədar məsələlər də toplantıda hökumət başçısı və iştirakçılar tərəfindən müzakirə obyekti olacaq”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR