DİM-ə DAHA BİR ETİRAZ: “Məleykə Abbaszadə problemin həllini 3 il də uzatdı”

15:45 / 29.10.2021
1555
"Uzun çəkişmələrdən və mübarizələrdən sonra DİM rəhbəri dirənişindən əl çəkərək informasiya və kommunikasiya texnologiyaları ictimaiyyətinin çağırışlarına reaksiya verdi”.
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz qəbul imtahanları ilə bağlı son qərarları şərh edərkən deyib. O bildirib ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və ya bu problemin qalmasında maraqlı olanlar son anda yenə də "informatika, yoxsa kimya" məsələsinin həllini daha 3 il uzada bildi:
"Guya ki, 3 ildən deyil, bir ildən sonra abituriyentə informatika seçimi imkanının verilməsi DİM-ə problem yaradardı. Hələ də təəccüblənirəm və məəttəl qalıram bu dirənişə. Düşünürəm ki, "İnformatika, yoxsa kimya" problemi Azərbaycanda rəqəmsal transformasiyanı xeyli ləngidə bildi. Kimlər dirəniş göstəriblərsə, bundan məmnun qala bilərlər”.
O.Gündüz həmçinin qeyd edib ki, DİM uzun illər süni olaraq "informatika, yoxsa kimya" problemini yaratmaqla dövlət resursları hesabına Azərbaycanda rəqəmsal mühitin formalaşmasına zərbə vurub: "Biz isə bunun nəticələri ilə çox rastlaşmalı olacağıq”.
Xatırladaq ki, 2024-cü ildə keçiriləcək 1-ci qrup imtahanlarında İT və texniki yönümlü ixtisasları seçənlər kimyadan deyil, informatikadan imtahan verəcəklər.
Günay Rəsulqızı
Sfera.az