Nobel Arustamyana akkreditasiya verilməmə səbəbi AÇIQLANDI – Erməni olduğuna görə deyil...

Sfera.az xəbər verir ki, bu fikirləri "Report”a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov erməni jurnalistin Bakıya gələ bilməməsini şərh edərkən deyib.

Deputat bildirib ki, o, vaxtilə Dağlıq Qarabağ Ermənistanın işğalı altında olduğu dövrdə N.Arustamyan dəfələrlə bu ərazilərə icazəsiz səfər edib, oradan şəkillər paylaşıb: "Həmin dövrdə onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına daxil edildi və belə şəxslər Azərbaycana buraxılmırdı”.

C.Osmanov qeyd edib ki, Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə erməni əsilli şəxslərin iştirakı və təhlükəsizliyi təmin olunub: "Bu məsələ hər zaman beynəlxalq hüquq və qanunlar çərçivəsində həll olunub”.
Qeyd edək ki, qaydalara görə UEFA akkreditasiyanı bir jurnalistə təşkilatçı ölkələrin hamısının razılığı olduqdan sonra verir. Əgər təşkilatçı olan hansısa ölkə jurnalistə akkreditasiya verməkdən imtina edirsə, o zaman qitə futbol qurumu həmin jurnalisti qeydiyyata almır.