Turizm şirkətləri: İranlı turistlər Azərbaycana yenə gələcək

Turizm şirkətləri: İranlı turistlər Azərbaycana yenə gələcək

 

Azərbaycanda manatın məzənnəsinin dollar qarşısında ucuzlaşması ölkəyə gəlmək arzusunda olan turistlər üçün əsl fürsət yaradıb.

Belə ki, Novruz bayramında Azərbaycana gələn və şəhərdə daha çox müşahidə etdiyimiz iranlı turistlərinin sayının çoxluğu da bunu deməyə əsas verir. 

Bayram ərəfəsində iranlı turistlərin Azərbaycana, xüsusilə paytaxt Bakıya axını nəinki mütəxəssislərin, eləcə də adi vətəndaşların da diqqətindən yayınmamış, bu məsələ sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olmuşdu. 

Bir müddət öncə isə iranlı turistlərin İstanbul şəhərində sayının çoxluğu da Türkiyə mətbuatının diqqətindən yayınmamış, şəhərə gələn iranlı turistlərdən şəhərin təəssüratları ilə bağlı onların fikirlərini öyrənmişdilər. 

İranlı turistlərin çoxusu isə Türkiyə, eləcə də İstanbula yenə gələcəklərini vurğulamışdılar.

Bəs Azərbaycanda bu tendensiya necə davam edəcək?

Nəzərə alsaq ki, qarşıdan yay mövsümü gəlir, bu zaman ölkəyə gələn turistlərin sayının da artacağı istisna deyil. 

Oxu.Az bu məsələni yerli turizm şirkətləri ilə birgə dəyərləndirib. 

"7 Days Travel” şirkətinin əməkdaşı Oxu.Az-a bildirib ki, şirkət olaraq bu il İrandan turist qəbul etməyiblər. Amma bununla belə, iranlılar Azərbaycana turizm şirkətlərinin vasitəsilə deyil, daha çox fərdi gəliblər:

"Biz şirkət olaraq, bu il İrandan turist qəbul etməmişik, amma onların əksəriyyəti turizm şirkətlərinin vasitəsilə deyil, daha çox fərdi olaraq Azərbaycana gəlirlər. Yəni, Azərbaycana avtobus və ya şəxsi avtomobilləri ilə gəlirlər.

Təbii ki, onlar turizm şirkətlərinin vasitəsi ilə gəlmiş olsalar, turizm şirkəti gələn turistləri otel və s. xidmətlər ilə təmin etmiş olacaq”.

Şirkətin nümayəndəsinin sözlərinə görə, Azərbaycanda 3-4 ulduzlu otellərin sayının az olması səbəbindən gələn iranlı turistlər daha çox mənzil kirayə ediblər. 

"Bununla belə, biz şirkət olaraq, o cür turistləri çox az görürük”, - deyə o bildirib.

Şirkətin əməkdaşı onu da qeyd edib ki, Azərbaycana gələn iranlı turistlər müxtəlif bölgələrə səyahət etsələrdə, bu dəfə üstünlük yenə də paytaxta verilib:

"Şəhərdə siz özünüz də şahidi olmuş olarsınız, Bakıda iranlı turistlərin sayı çox idi. Bununla belə, Naftalana təşkil etdiyimiz info-tur zamanı biz orda digər turistlər ilə yanaşı, iranlı turistlərin də sayının çoxluğunun şahidi olduq.

Yəni, gələn iranlı turistlər təkcə Azərbaycanın gəzməli yerlərini görməklə yanaşı, sanatoriya-müalicə mərkəzlərinə də gediblər”.

Digər yerli turizm şirkəti olan "Gilan Turizm”in əməkdaşı da Novruz ərəfəsində Azərbaycana gələn iranlı turistlərin sayında artım olduğunu təsdiqləyib:

"Novruz bayramında Qafqaz otellərində daha çox iranlı turistlər yerləşdirilib. Məsələn, otellərin birində artıq 80 nəfərə yaxın iranlı turist var. Əvvəlki illərlə müqayisədə Azərbaycana gələn iranlı turistlərin sayı həddindən artıq çoxalıb”.

Şirkətin əməkdaşı onu da vurğulayıb ki, şirkət vasitəsilə Azərbaycana gələn iranlı turistlər bayramı qeyd etmək üçün daha çox Qəbələni seçiblər”.

Turizm şirkəti hesab edir ki, əgər bu bayramda Azərbaycana gələn iranlı turistlərin axını çox olubsa, bu tendensiya yay mövsümündə də davam edə bilər.

Öz növbəsində, "İmprotex Tour” şirkətinin mütəxəssisi isə qeyd edib ki, ümumilikdə Novruz bayramında Azərbaycana 40 minə yaxn turist gəlib:

"Novruz bayramında Azərbaycana ümumilikdə 40 minə yaxın turist gəlib, 2015-ci ildə isə bu rəqəm 25-30 min civarında olub”.

Şirkətin nümayəndəsi onu da qeyd edib ki, iranlı turistlər üçün əsas istiqamət Bakı olsa da belə, Lənkəran, Lerik, Astaraya gedən bu turistlərin sayı da çox olub.

Şirkət hesab edir ki, əgər bu tendensiya bu cür davam edərsə, növbəti mərhələdə Azərbaycana gələn turistlərin, o cümlədən də iranlı turistlərin sayı daha da artacaq:

"Bunun səbəbi isə onunla bağlıdır ki, hazırda Azərbaycanda dollar bahadır. İstər-istəməz ölkədə dollar bahalaşanda, dolları olan turistin vəsaiti də artmış olur.

Elə bu səbəbdən düşünürük ki, yay mövsümündə də Azərbaycana gələn iranlı turistlərin sayı artacaq. Onlar yay mövsümündə də Azərbaycana gələcəklər”. 

Məsələni dəyərləndirmək üçün Azərbaycan Turizm Assosiasiyasının (AzTA) daxili turizm komitəsinin rəhbəri Kənan Hənifəyev ilə də əlaqə saxladıq. 

"Bu Novuz bayramında Azərbaycana 35 mindən artıq turist təşrif buyurub. Əsasən postsovet ölklərindən və İrandan turistlər ölkəyə gəlib.

Ötən illər ilə müqayisədə bu il Novruz bayramı zamanı Azərbaycana gələn turist sayı daha çox olub.

Bu isə təxminən 35-40% artım deməkdir. İranlı turistlər əsasən paytaxtda istirahətə üstünlük veriblər. Həmçinin onlar üçün bu bayramda Azərbaycanın Şimal-Qərb, Qəbələ, Şəki rayonları da prioritetlik təşkil edib”, - deyə K.Hənifəyev qeyd edib. 

Qeyd edək ki, fürsətdən istifadə edib, paytaxtımıza tərif buyurmuş iranlı turistlərin bir neçəsi ilə söhbətləşdik. 

Onlar bildiriblər ki, Azərbaycana sırf Novruz bayramını qeyd etmək üçün gəliblər. 

"Amma yenidən Azərbaycana qayıtmaq bizim üçün xoş olacaq”. 

Qonaqlar çətinliklərini də ifadə etməkdən çəkinməyiblər. 

Onlar bildirib ki, Azərbaycana turizm şirkətləri vasitəsi ilə deyil, şəxsi avtomobilləri ilə gəliblər. Bu isə onları Azərbaycanın digər gəzməli-görməli yerlərinə ziyarət etməkdən məhrum edib. 

Sonda isə qeyd edək ki, hər nə qədər şəhərdə turistlərdən sonra əhalinin sayı çoxalsa da, nəzərə almaq lazımdır ki, onlar sadəcə qonaqdır və Azərbaycana investisiya edirlər. Bu isə Azərbaycan üçün prioritetlik təşkil edən qeyri-neft sektorunun inkişaf etməsi deməkdir. 

Qısası, hər bir turistə kapital kimi yanaşmaq lazımdır. 


OXŞAR XƏBƏRLƏR