Mikayıl Cabbarov azad edilən ərazilərin bərpasına ayrılan vəsaitdən danışdı

Mikayıl Cabbarov azad edilən ərazilərin bərpasına ayrılan vəsaitdən danışdı
Bu il Azərbaycan hökuməti erməni işğalından azad edilmiş ərazilərin bərpasına 1,5 milyard dollar vəsait qoyacaq.

Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının onlayn iclasında deyib.

Nazir bildirib ki, regionda vacib nəqliyyat qovşağı olan Azərbaycan trans-sərhəd və tranzit prosedurları və logistikanı təkmilləşdirir, eləcə də logistika sistemini və ticarət proseslərini rəqəmsallaşdırır.

M.Cabbarovun sözlərinə görə, regionun bərpası həm dövlət investisiyaları, həm də cəlb olunan investisiyalar hesabına həyata keçiriləcək: "Biz investorlar üçün cəlbedici şərait yaradacağıq. İnvestisiyalara açıq olmağı deyərkən, bu o demək deyil ki, Azərbaycan xarici investisiyalar olmadan öz borcunu yerinə yetirə bilməyəcək. Bu il biz regionun bərpasına 1,5 milyard dollar vəsait qoymağı planlaşdırırıq".

Nazir əlavə edib ki, regionda kənd təsərrüfatı ilə yanaşı, turizm və mədən sənayesini də inkişaf etdirmək planlaşdırılır: "Naxçıvan nəqliyyat dəhlizinin rekonstruksiyası və Azərbaycandan Türkiyəyə Ermənistan ərazisindən keçən yolun bərpası regionun iqtisadiyyatına müsbət təsir göstərəcək. Naxçıvanla əlaqənin bərpası regionun bütün ölkələri, o cümlədən Ermənistan üçün faydalı olacaq".

OXŞAR XƏBƏRLƏR