12 noyabr Azərbaycanda Konstitusiya Günüdür
Bu gün – noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd olunur. 1995-ci ilin bu tarixində müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkənin əsas qanunu olmaqla dövlət quruluşunun, hakimiyyət sisteminin, vətəndaşların hüquq və azadlıqlarının hüquqi əsaslarını müəyyən edir.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. 1995-ci ilin mayında Konstitusiya Komissiyası yaradılıb. Hazırlanan layihə həmin ilin oktyabrında ümumxalq müzakirəsinə çıxarılıb, noyabrın 12-də isə referendumda qəbul edilib.
Referendumda seçicilərin 86 faizi iştirak edib. Səsvermədə iştirak edənlərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinə səs verib. Əsas Qanun 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
1995-ci ildə qəbul edilən Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Sənəd Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, demokratik quruluşun təmin edilməsini, hüquqi və dünyəvi dövlət quruculuğunu əsas prinsiplər kimi müəyyənləşdirir.
Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqları, dövlət hakimiyyətinin təşkili, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin səlahiyyətləri, eləcə də yerli özünüidarəetmənin əsasları öz əksini tapıb.
Əsas Qanuna indiyədək üç dəfə – 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
Qeyd edək ki, noyabrın 12-nin Konstitusiya Günü kimi qeyd olunması 1996-cı il noyabrın 1-də imzalanmış fərmanla müəyyən edilib. Bu tarix Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələlərdən biri hesab olunur. Konstitusiyanın qəbul edilməsi müstəqil dövlətin hüquqi əsaslarının formalaşdırılması və ölkədə yeni idarəetmə sisteminin qurulması baxımından əhəmiyyətli hadisə olub.
Fatimə
Sfera.az






