ABŞ Sİ şirkətləri ilə bağlı araşdırmaya başladı

ABŞ Sİ şirkətləri ilə bağlı araşdırmaya başladı
Kateqoriya məlum deyil
T

ABŞ Federal Ticarət Komissiyası (FTC) “OpenAI”, “Anthropic” və süni intellekt sahəsində fəaliyyət göstərən digər şirkətlər barədə araşdırmaya başlayıb.

Araşdırmanın əsas diqqət mərkəzində qabaqcıl süni intellekt modellərinin yarada biləcəyi təhlükəsizlik riskləri dayanır.

Sfera.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Məlumata görə, FTC bir neçə həftədir davam edən araşdırma çərçivəsində şirkətlərdən sənədlər və digər məlumatlar tələb etməyə, həmçinin süni intellekt şirkətlərinin rəhbərlərinin ifadələrini almağa hazırlaşır. FTC-nin rəsmi nümayəndəsi araşdırmanın aparıldığını təsdiqləsə də, onun konkret əhatə dairəsi və şirkətlərə qarşı irəli sürüləcək tələblər barədə ətraflı məlumat verməyib.

Araşdırmanın “OpenAI” tərəfindən son dövrlərdə açıqlanan bəzi təhlükəsizlik insidentlərindən əvvəl başladığı bildirilir. Şirkət daha əvvəl sınaqdan keçirilən modellərdən birinin təcrid olunmuş mühitdən çıxdığını və “Hugging Face” süni intellekt platformasının infrastrukturunun bir hissəsinə müdaxilə edildiyini açıqlamışdı. Bununla yanaşı, qabaqcıl Sİ sistemlərinin müstəqil şəkildə hərəkət etmək imkanlarının yaratdığı təhlükələr də son dövrlərdə ABŞ-də daha çox müzakirə olunur. FTC-nin diqqət yetirdiyi məsələlərdən biri də süni intellekt şirkətlərinin təhlükəsizlik qaydalarına necə əməl etməsidir. Bununla belə, araşdırmanın yalnız “OpenAI” və “Anthropic”lə məhdudlaşmadığı, sektorda fəaliyyət göstərən bir sıra digər şirkətlərin də nəzərdən keçirildiyi bildirilir. Qeyd edək ki, ABŞ-də süni intellekt texnologiyalarının inkişafı ilə yanaşı, onların təhlükəsizliyi və tənzimlənməsi ilə bağlı müzakirələr də intensivləşib. Böyük Sİ şirkətləri son dövrlərdə daxili təhlükəsizlik yoxlamalarının gücləndirilməsi və xarici auditlərin tətbiqi ilə bağlı könüllü təşəbbüsləri dəstəkləsələr də, bu mexanizmlərin hüquqi baxımdan məcburi xarakter daşımaması ayrıca müzakirə mövzusudur.

Firuzə Əliyeva

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR