Venesuela müxalifət liderinin ölkəyə qayıtmaq cəhdləri uğursuz oldu

Venesuela müxalifət lideri Maria Corina Maçado ölkəyə qayıtmaq üçün son günlərdə üç dəfə cəhd edib, lakin bu cəhdlərin hamısı uğursuz olub.
Sfera.az xəbər verir ki, bu barədə Maçadonun komandası və yerli media məlumat yayıb. Məlumata görə, Maçado doqquz ay əvvəl Venesuelanı gizli şəkildə tərk etdikdən sonra ölkəyə qayıtmaq üçün ümumilikdə yeddi uğursuz cəhd edib. Son cəhdlərdən ikisinin dəniz və hava yolu ilə həyata keçirildiyi bildirilib.
İspaniyanın “ABC” qəzetinin yazdığına görə, Maçadonun müşaviri Pedro Urruçurtu sosial şəbəkədə bu barədə məlumat verib. Daha sonra məlumatı daha əvvəl uğursuz qayıdış cəhdləri barədə açıqlama verməyən Maçadonun sözçüsü də təsdiqləyib. Bununla yanaşı, ABŞ rəsmilərinin iyun ayında Venesuelada baş verən zəlzələlərdən sonra Maçadonu ölkəyə qayıtmasını təxirə salmağa çağırdığı bildirilir.
Məlumata görə, ABŞ rəsmiləri onun yenidən Venesuelaya daxil olmaq cəhdlərinə qarşı çıxıblar. Maçadonun ölkəyə qayıtmaq cəhdlərinin ABŞ prezidenti Donald Trampın Venesuelanın müvəqqəti prezidenti Delcy Rodriguezlə Nyu-Yorkda görüşdüyü vaxta təsadüf etməsi diqqət çəkib. Bu, ABŞ qüvvələrinin yanvar ayında keçirdiyi əməliyyat zamanı keçmiş prezident Nikolas Maduronu ələ keçirməsindən sonra Tramp və Rodrigez arasında ilk görüş olub. “ABC” qəzeti Maçadonun dəniz və hava yolu ilə həyata keçirdiyi son cəhdlərin kimin tərəfindən qarşısının alındığı barədə məlumat verməyib.
ABŞ Dövlət Departamenti isə məsələ ilə bağlı “Reuters”in sorğusuna dərhal cavab verməyib. Maçado 2024-cü ildə keçirilən mübahisəli prezident seçkilərindən sonra bir müddət gizləndikdən sonra ötən ilin sonlarından etibarən sürgündə yaşayır. O, Maduro hakimiyyətinin devrilməsindən sonra Venesuelaya qayıdacağını dəfələrlə açıqlasa da, onun ölkəyə dönüşü hələ də mübahisəli məsələ olaraq qalıb.
Bəsti Rəfizadə






