Zelenski: Rusiya-Ukrayna müharibəsi başa çatdırılmalıdır

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin sona çatdırılması üçün ABŞ tərəfi ilə danışıqları davam etdirdiklərini bildirib. O, Moskvanın Ukraynanın enerji sektoru, kritik infrastrukturu və ərzaq ixracını hədəf almağı dayandırmalı olduğunu vurğulayıb.
Sfera.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibədə artıq 5 il geridə qalıb. Son dövrlərdə döyüşlərin intensivləşməsi bölgə iqtisadiyyatına da ciddi təsir göstərib.
Vladimir Zelenski sosial media hesabında ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı çağırışını dəyərləndirib.
Zelenski müharibənin ilk günlərindən etibarən sülhün əldə olunması üçün çalışdıqlarını qeyd edib. O bildirib ki, Rusiyanın Ukraynaya və sağlam düşüncəyə qarşı apardığı müharibə artıq sona çatdırılmalıdır.
Ukrayna lideri müharibənin mənfi nəticələrinin getdikcə daha geniş əraziyə yayıldığını vurğulayıb. Onun sözlərinə görə, müharibəni ləyaqətli şəkildə başa çatdırmaq, təhlükəsizliyi təmin etmək və Rusiyanın yeni işğallarının qarşısını almaq üçün çoxsaylı diplomatik təkliflər irəli sürülüb.
Zelenski həmçinin gərginliyin azaldılması üçün qarşılıqlı addımların atılmasının vacibliyini bildirib. O qeyd edib ki, Ukraynanın enerji sektoru, kritik infrastrukturu və ərzaq ixracı Rusiyanın hücumlarının hədəfi olmamalıdır.
Ukrayna Prezidenti yaxın günlərdə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda bu məsələlərin müzakirə olunacağını da bildirib.
Zelenskinin sözlərinə görə, müasir texnologiyalar müharibənin nəticələrinin yalnız hücuma məruz qalan tərəflə məhdudlaşmamasına səbəb ola bilər. O, hücum edən tərəfin də müharibənin nəticələrindən zərər görə biləcəyini vurğulayıb.
Mənsumə






