İrandan ABŞ-a hücum təhdidi: “Müharibənin coğrafiyasını dəyişəcəyik”

İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü Hüseyn Mühəbbi ABŞ və İsrailin İrana qarşı mümkün yeni hücumuna cavab olaraq hərbi strategiyanın dəyişəcəyini və müharibənin coğrafiyasının genişlənəcəyini bildirib.
Sfera.az xəbər verir ki, Mühəbbi televiziya proqramında çıxışı zamanı İranın mümkün hücuma hazırlığından danışıb.
O, yeni hücum olacağı təqdirdə İranın fərqli silah və imkanlardan istifadə edəcəyini vurğulayıb.
“Yeni hücum olarsa, müdafiə və hücum strategiyamız ciddi şəkildə dəyişəcək. Silahlarımızı və müharibənin coğrafiyasını dəyişəcəyik. Yeni imkanlarla təchiz olunmuş qüvvələri meydana çıxaracağıq və dünya heyrətə gələcək. Hələ hücuma məruz qalmamış yeni hədəflər müəyyən etmişik”, – deyə Mühəbbi bildirib.
İranın uzunmüddətli müharibəyə hazır olduğunu deyən Mühəbbi münaqişənin müxtəlif mərhələlərdən ibarət ola biləcəyini qeyd edib.
“İnqilab Keşikçiləri Ordusu müharibəyə onsuz da hazır idi. İndi isə daha da hazırlıqlıyıq”, – deyə o bildirib.
Mühəbbi İnqilab Keşikçiləri Ordusunun indiyədək ABŞ-la əlaqə saxlamadığını və ordunun diplomatik proseslərə cəlb olunmadığını söyləyib. O, əsas vəzifələrinin ölkəni müdafiə etmək olduğunu vurğulayıb.
İranlı rəsmi bölgədə ABŞ-ın hegemonluğunun sona çatdığını və yeni düzəni İranın müəyyənləşdirdiyini iddia edib.
Onun sözlərinə görə, ABŞ-ın regiondakı bəzi hərbi bazaları İranın hücumları nəticəsində istifadəsiz vəziyyətə salınıb.
Mənsumə






