“Bəşəriyyət məhv olmayacaq”

ABŞ Prezidenti Donald Tramp süni intellekt texnologiyasının təhlükəli həddə çatmadan inkişafının yavaşladılmasına dair çağırışları və bu sahə ilə bağlı səsləndirilən narahatlıqları rədd edib.
Sfera.az xəbər verir ki, Tramp sosial media hesabında süni intellektlə bağlı açıqlamalar verib.
ABŞ lideri “Anthropic” şirkətinin baş direktoru Dario Amodeinin bu mövzudakı açıqlamasına istinad edərək, biznes tarixində bir sektor rəhbərlərinin özlərini ciddi şəkildə tətbiq olunacaq qaydalar tələb etməyə çağırmasının nümunəsinin olub-olmadığını soruşub.
Tramp süni intellektin dünyanı ələ keçirəcəyi və bəşəriyyəti məhv edəcəyi ilə bağlı ehtimalların “böyük yalandan ibarət olduğunu” bildirib. O, bu iddiaları daha əvvəl Rusiya, Ukrayna və özü ilə bağlı aparılan impiçment kampaniyaları ilə müqayisə edib.
Tramp həmçinin Çinin süni intellektin inkişafının qarşısını almaq üçün heç bir addım atmayacağını açıqladığını xatırladıb. O, “Google” şirkətinin ABŞ-da bu sahədə icazə prosedurlarının çətin olması səbəbindən Finlandiyada böyük bir obyekt qurmaq istəməsindən narazılığını ifadə edib.
ABŞ Prezidenti süni intellekt və məlumat mərkəzlərinin tarixdəki ən böyük iqtisadi inkişaf mühərrikinə çevriləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu texnologiyalar neft, qızıl, almaz və hətta internetdən daha böyük iqtisadi gücə malik olacaq.
Tramp prezidentliyi dövründə süni intellekt sahəsindəki fəaliyyətlərin “ustalıqla idarə olunan dağıdıcı qüvvələr” tərəfindən dayandırılmasına imkan verilməyəcəyini bildirib.
Mənsumə






