Məktəbdə elektron siqaret çəkən şagirdləri hansı cəza gözləyir? – Vəkildən AÇIQLAMA

Məktəbdə elektron siqaret çəkən şagirdləri hansı cəza gözləyir? – Vəkildən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Yeni tədris ilinin ilk günündə Bakıdakı 138 saylı məktəbdə şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etməsi və bunu sosial şəbəkədə canlı yayımlaması ilə bağlı görüntülər yayılıb.

2026-cı il aprelin 1-dən elektron siqaretdən istifadəyə görə inzibati məsuliyyət müəyyən edilib.

Bəs məktəb daxilində, yəni təhsil müəssisəsində elektron siqaretdən istifadə edən şagirdlərə hansı hüquqi məsuliyyət və ya cəza tətbiq oluna bilər? Şagirdlərin yetkinlik yaşına çatmaması bu məsuliyyət məsələsinə necə təsir edir və cərimə tətbiq edilərsə, kim məsuliyyət daşıyır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212-1.1-ci maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə elektron siqaretdən istifadəyə görə 30 manat məbləğində cərimə tətbiq edilir.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 2017-ci il 1 dekabr tarixli Qanunla təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazisində tütün məmulatlarından, sulu qəlyandan və elektron siqaretdən istifadə qadağandır. Yəni sinif otağı da elektron siqaretdən istifadənin qadağan edildiyi yerlər sırasındadır.

Bəs şagirdin özünə hansı məsuliyyət tətbiq oluna bilər?

Vəkilin sözlərinə görə, burada əsas məsələ şəxsin yaşıdır:

“Şagirdin 16 yaşı tamam olmayıbsa, İXM-in 16.1-ci maddəsinə əsasən, inzibati məsuliyyət yaşı 16-dan başlayır. Bu səbəbdən 14–15 yaşlı şagirdə inzibati cərimə tətbiq edilə bilməz. Belə hallarda material yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilə və tərbiyəvi xarakterli təsir tədbirləri görülə bilər. Şagird 16-18 yaş arasındadırsa, formal olaraq İXM-in 212-1.1-ci maddəsində nəzərdə tutulan xətanın subyekti hesab olunur və ona 30 manat cərimə tətbiq edilə bilər. Lakin İXM-in 16.2-ci maddəsinə əsasən, ilk dəfə inzibati xəta törətmiş 16-18 yaşlı şəxs komissiya tərəfindən inzibati məsuliyyətdən azad edilə və barəsində qanunvericiliklə nəzərdə tutulan təsir tədbirləri tətbiq oluna bilər. Bu zaman şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili kimi hallar nəzərə alınır. Bundan başqa, İXM-in 32.1.2-ci maddəsinə əsasən, xətanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Yetkinlik yaşına çatmayan şəxslərə inzibati həbs də tətbiq edilə bilməz”.

Bəs cəriməni kim ödəyir?

Turan Abdullazadə bildirib ki, hüquqi baxımdan cərimə valideynə deyil, xətanı törədən şagirdə tətbiq edilir:

“Lakin yetkinlik yaşına çatmayan şəxsin müstəqil qazancı olmadıqda, İXM-in 150.3-cü maddəsinə əsasən, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni nümayəndəsindən tutula bilər. Bununla yanaşı, valideynin özünün də ayrıca məsuliyyəti yarana bilər. İXM-in 189-cu maddəsi uşaqların təlim və tərbiyəsi vəzifələrinin valideynlər tərəfindən üzrlü səbəb olmadan yerinə yetirilməməsinə görə xəbərdarlıq və ya cərimə nəzərdə tutur. Beləliklə, sinif otağında elektron siqaretdən istifadə inzibati xəta hesab olunur və 30 manat cərimə ilə nəticələnə bilər. Lakin şagirdin yaşı bu məsələdə əsas rol oynayır. 16 yaşadək şəxslər inzibati məsuliyyətə cəlb edilmir, 16–18 yaşlı şəxslər isə müəyyən hallarda inzibati məsuliyyətdən azad edilə bilər”.

Vəkil həmçinin diqqətə çatdırıb ki, məsələnin digər mühüm tərəfi elektron siqaretin yetkinlik yaşına çatmayan şəxsin əlinə necə keçməsidir.

Çünki elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, yaxud satış məqsədilə saxlanılması da qanunvericiliklə inzibati məsuliyyət yaradır. Belə hallarda mallar müsadirə edilməklə fiziki şəxslər 350–500 manat, vəzifəli şəxslər 1 650-2 200 manat, hüquqi şəxslər isə 4 000-5 000 manat məbləğində cərimə edilə bilər.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR