Müəllimlərin sayı azalacaq - SƏBƏB

Müəllimlərin sayı azalacaq - SƏBƏB
Kateqoriya məlum deyil
T

Azərbaycanda doğum səviyyəsinin aşağı düşməsi yaxın illərdə məktəblərdə şagird sayının azalmasına səbəb olacaq. Bu prosesin müəllimlərin sayına da təsir edəcəyi gözlənilir.

Təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlamasında bildirib ki, şagird sayının azalması müəllimlərin kütləvi şəkildə ixtisar olunması ilə nəticələnməməlidir.

Ekspertin sözlərinə görə, müəllim resurslarının tənzimlənməsi əsasən struktur optimallaşdırılması və mövcud kadrlardan daha səmərəli istifadə hesabına həyata keçirilə bilər:

“Şagird sayının azalması mexaniki olaraq dərhal müəllimlərin kütləvi ixtisara salınması anlamına gəlməməlidir. Burada bir neçə yanaşma mövcuddur. Birincisi, struktur optimallaşdırılmasıdır. Şagird sayının azalması fonunda məktəblərdə siniflərin komplektləşdirilməsi qaydaları dəyişə bilər. Şagird sıxlığı aşağı olan siniflər birləşdirilə bilər. Bu da öz növbəsində dərs saatlarının azalmasına və təqaüd yaşına çatan, yaxud sertifikatlaşdırmadan keçə bilməyən kadrların sistemdən çıxması ilə müəllim sayının tədricən tənzimlənməsinə yol aça bilər. Yəni kütləvi ixtisar yox, təbii azalma və optimallaşdırma baş verəcək”.

Ekspert qeyd edib ki, uşaq sayının azalması düzgün strategiya qurulduğu təqdirdə təhsilin keyfiyyətinin artırılması üçün də imkan yarada bilər:

“İkinci məsələ keyfiyyət imkanlarıdır. Əgər dövlət strategiyası düzgün qurularsa, uşaq sayının azalması təhsilin keyfiyyətini artırmaq üçün fürsətə çevrilə bilər. Məsələn, bir sinifdə 30-35 şagirdin olması əvəzinə sıxlığı 18-20 nəfərə endirməklə, müəllim yerlərini qoruyub saxlamaq və hər bir şagirdə fərdi yanaşmanı təmin etmək mümkündür”.

Ə.Həsənlinin fikrincə, qarşıdakı illərdə müəllim heyətinin sayında artımın dayanması və müəyyən dərəcədə azalma müşahidə olunması mümkündür:

“Hesab edirəm ki, qarşıdakı illərdə müəllim heyətinin kəmiyyət baxımından artımı dayanacaq və müəyyən dərəcədə daralma olacaq. Lakin əsas məsələ müəllimlərin sayını sadəcə ixtisar etmək deyil, mövcud resursu sinif sıxlığının azaldılmasına və təhsilin məzmun keyfiyyətinin yüksəldilməsinə yönəltmək olmalıdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR