Soyuducuda göyərtiləri belə saxlayın – Uzun müddət təravətli qalacaq

Salatların əvəzolunmaz tərkib hissəsi olan cəfəri, şüyüd, nanə və kahı kimi göyərtilər soyuducuda bir neçə gün ərzində sarala və təravətini itirə bilər. Lakin düzgün saxlama üsullarından istifadə etməklə onların ömrünü həftələrlə uzatmaq və qida israfının qarşısını almaq mümkündür.
Marketdən və ya bazardan alınan göyərtilər tərkibindəki yüksək su miqdarı və düzgün olmayan qablaşdırma səbəbindən tez xarab olur. Mütəxəssislər göyərtilərin daha uzun müddət təzə qalması üçün bir neçə sadə üsuldan istifadə etməyi tövsiyə edirlər.
Sfera.az həmin üsulları təqdim edir.
Kağız dəsmal üsulu
Göyərtilərin tez xarab olmasının əsas səbəblərindən biri üzərində qalan artıq nəmlikdir. Buna görə də onları saxlamazdan əvvəl yumaq məsləhət görülmür.
Göyərtilərin kök hissələri təmizlənmədən, aralarına nəmi çəkməsi üçün kağız dəsmal qoyularaq hava keçirməyən qaba və ya kilidli paketə yerləşdirilməsi tövsiyə olunur. Bu üsul artıq nəmin azalmasına və göyərtilərin daha uzun müddət təravətli qalmasına kömək edir.
“Buket” üsulu
Cəfəri, şüyüd və nanə kimi saplaqlı göyərtiləri çiçək buketi kimi saxlamaq da onların təravətini qorumağa kömək edə bilər.
Bunun üçün sapların ucları bir qədər kəsilir və göyərtilər dibində az miqdarda su olan bankaya şaquli şəkildə yerləşdirilir. Suyun yalnız sapların aşağı hissəsinə toxunması kifayətdir. Daha sonra üzəri boş şəkildə şəffaf paketlə örtülərək soyuducuya qoyulur.
Salat quruducusu və parça torba
Göyərtiləri yuyaraq saxlamaq istəyirsinizsə, onların üzərində su qalmamasına xüsusi diqqət yetirmək lazımdır.
Yuyulmuş göyərtilər salat quruducusunda tamamilə qurudulduqdan sonra pambıq və ya kətan parça torbaya yerləşdirilir və soyuducunun tərəvəz bölməsində saxlanılır. Beləliklə, artıq nəmlik azalır və göyərtilərin daha uzun müddət təravətli qalmasına şərait yaranır.
Bu sadə üsullardan istifadə etməklə göyərtilərin daha uzun müddət təzə qalmasını təmin etmək və onları vaxtından əvvəl atmaq ehtiyacını azaltmaq mümkündür.
Mənsumə






