Hündürdaban ayaqqabı geyinənlərə xəbərdarlıq

İlk baxışda ayaq quruluşu ilə bağırsaq sağlamlığı arasında əlaqə olmadığı düşünülsə də mütəxəssislər bədəndəki duruş dəyişikliklərinin müxtəlif nahiyələrə təsir göstərə biləcəyini bildirirlər.
Sfera.az xəbər verir ki, Medipol Mega universitet xəstəxanasının ümumi cərrahiyyə üzrə mütəxəssisi dr. Atıf Tekin hündürdaban ayaqqabıların bədənin ağırlıq mərkəzini dəyişdirərək çanaq nahiyəsinə əlavə təzyiq yarada biləcəyini və bunun babasil xəstəliyini tətikləyə biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, hündürdaban ayaqqabı geyinildikdə bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Tarazlığı qorumaq üçün bel qövsü artır, çanaq isə önə doğru əyilir. Bu dəyişiklik çanaq dibi əzələlərinə əlavə yük düşməsinə səbəb olur.
Çanaq nahiyəsində təzyiqin artması venoz qan dövranına da təsir göstərə bilər. Nəticədə damarların qanı ürəyə qaytarması çətinləşə və zamanla hemoroidal damarların şişməsi və sallanması üçün əlverişli şərait yarana bilər.
Dr. Tekin vurğulayıb ki, hündürdaban ayaqqabı təkbaşına babasilə səbəb olmur, lakin xəstəliyi tətikləyən amillərdən biri ola bilər. Genetik meyillilik, hərəkətsiz həyat tərzi və liflə zəngin olmayan qidalanma kimi faktorlar da riski artıra bilər.
Mütəxəssis uzun müddət hündürdaban ayaqqabı geyinən qadınlara duruşlarına diqqət etməyi, gün ərzində fasilələrlə hərəkət etməyi və mümkün olduqda ayaqqabılarını dəyişməyi tövsiyə edib. Masa arxasında işləyənlərin isə ayaq biləyi hərəkətləri etməklə qan dövranını dəstəkləyə biləcəyi qeyd olunub.
Dr. Tekin ayaq sağlamlığının bütün bədənin tarazlığı baxımından əhəmiyyətli olduğunu bildirərək, ayaqların yerə düzgün və sağlam basmasının bədənin ümumi duruşuna müsbət təsir etdiyini diqqətə çatdırıb.
Mənsumə






