Məktəblər açılır: Valideynlər üçün vacib məsləhətlər

Yay tətilindən sonra uşaqların məktəb rejiminə qayıtması bəzən çətin keçir. Yuxu rejiminin dəyişməsi, ekran qarşısında keçirilən vaxtın azaldılması və dərs məsuliyyətlərinin yenidən başlaması uşaqlarda narahatlıq yarada bilər. Bu dövrdə valideynlərin səbirli olması və övladlarının həm təhsilinə, həm də psixoloji vəziyyətinə diqqət yetirməsi vacibdir.
Sfera.az xəbər verir ki, məktəbə qayıdışdan əvvəl yuxu rejimini tədricən qaydaya salmaq, gec saatlara qədər oyaq qalmağın qarşısını almaq faydalıdır.
Telefon, planşet və digər elektron cihazlardan istifadə də gündəlik həyata mane olmayacaq şəkildə mərhələli şəkildə azaldılmalıdır. Ekran istifadəsinə qoyulan qaydaları əvvəlcədən müəyyənləşdirmək, lakin bütün məhdudiyyətləri birdən tətbiq etməmək daha yaxşı nəticə verir. Uşağın boş vaxtını idman, musiqi, rəsm, kitab oxumaq və müxtəlif hobbilərlə keçirməsinə şərait yaratmaq da ekran asılılığının azalmasına kömək edir.
Yemək zamanı və ailə ilə birlikdə keçirilən vaxtlarda telefondan istifadə etməmək, yatmazdan ən azı 30-60 dəqiqə əvvəl ekranlardan uzaqlaşmaq məsləhətdir. Telefon və digər elektron cihazların uşağın yataq otağında saxlanılmaması da yuxu rejiminin formalaşmasına müsbət təsir göstərir. Xüsusilə məktəbəqədər təhsil müəssisəsinə və birinci sinfə başlayan uşaqlar üçün məktəbə başlamaq böyük dəyişiklikdir. Ailə mühitindən ayrılaraq yeni qaydalar və gündəlik rejimlə tanış olmaq bəzi uşaqlarda ayrılıq narahatlığı yaradır. Bu mərhələdə uşağın hisslərini kiçiltməmək, onu dinləmək və narahatlığını anlamağa çalışmaq vacibdir.
Məktəb uşağa qorxulu və məcburi bir yer kimi deyil, yeni biliklər öyrənə, oyun oynaya və dostlar qazana biləcəyi maraqlı bir mühit kimi təqdim edilməlidir.Valideynler məktəbdə keçiriləcək fəaliyyətlər barədə övladları ilə danışa, onların suallarını səbrlə cavablandıra və qarşılaşacaqları gündəlik rejim haqqında əvvəlcədən məlumat verə bilərlər. Bu, uşağın yeni mühitə daha rahat uyğunlaşmasında mühüm rol oynayır.
Məktəbə qayıdış dövründə uşağın keçirdiyi narahatlıq və digər emosiyalara diqqətlə yanaşmaq, onun hisslərini ifadə etməsinə imkan vermək lazımdır.Valideynlər övladlarını sinif yoldaşları və ya digər uşaqlarla müqayisə etməkdən çəkinməlidirlər.
“Filankəs səndən daha yaxşı oxuyur” kimi ifadələr uşağın özünəinamına mənfi təsir göstərir. Bunun əvəzinə uşağın öz inkişafını və göstərdiyi səyi qiymətləndirmək, qarşılaşdığı çətinliklərdə ona dəstək olmaq və məktəb həyatına uyğunlaşması üçün səbirli davranmaq daha doğru yanaşmadır.
İradə Elsevər






