“Google”-dan təcili xəbərdarlıq

“Google” şirkəti “Chrome” brauzeri üçün vacib təhlükəsizlik yenilənməsi yayımlayıb. Xakerlər tərəfindən aktiv şəkildə istifadə edildiyi müəyyən olunan kritik təhlükəsizlik boşluğu aradan qaldırılarkən, digər "Chromium" əsaslı brauzer istifadəçilərinə də xəbərdarlıq edilib.
Sfera.az xəbər verir ki, “Google”təhlükəsizlik paketi çərçivəsində ümumilikdə 12 sistem boşluğunu bağlayıb. Bunlardan ən təhlükəlisi "CVE-2026-85046" kodlu yüksək riskli sistem zəifliyidir. Bu zəiflik xakerlər tərəfindən xüsusi hazırlanmış veb-səhifələr vasitəsilə istifadəçinin xəbəri olmadan zərərli kodların icra olunmasına şərait yaradır. Bu hal ilin aktiv şəkildə istismar edilən altıncı "Chrome sıfır gün" (Zero-Day) vakası kimi qeydə alınıb.
Sözügedən boşluq avqustun 4-də təhlükəsizlik tədqiqatçısı Salvatore Quliziya (Salvatore Gulizia) tərəfindən aşkar edilib. Şirkət zəifliyin hücumlarda istifadə olunduğunu təsdiqləsə də kibertəhlükəsizlik riskləri və digər xakerlərin bundan yararlanmaması üçün hücumların təfərrüatlarını açıqlamayıb.
Yenilənməni gecikdirmək təhlükəlidir
“Google” təhlükəsizliyi təmin etmək üçün istifadəçilərə brauzer versiyasını təcili yeniləməyi tövsiyə edir:
- Windows və macOS üçün: 152.0.7977.82/.83 versiyası
- Linux üçün: 152.0.7977.82 versiyası
Eyni zamanda "Microsoft Edge", "Brave", "Opera" və "Vivaldi" kimi "Chromium" bazasında işləyən digər brauzer istifadəçilərinin də müvafiq yenilənmələri yubatmadan quraşdırmaları tələb olunur. ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) bu zəifliyi məlum təhlükələr siyahısına əlavə edib və federal qurumlara sentyabrın 18-dək sistemləri yeniləmək öhdəliyi qoyub.
Mənsumə






