Köçəryandan sonra sıra Sarkisyandadır - Həbs olunacaq?

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. Son günlər Ermənistanda kütləvi həbslər və istintaqa çağırılma halları artıb. Köçəryanın həbsindən sonra Serj Sarkisyanın da həbs edilib-edilməməsi məsələsi gündəmdədir.
Maraqlıdır, Sarkisyanın da həbsi mümkündürmü? Bu həbslər hansı nəticələr doğura bilər?
Mövzu ilə bağlı politoloq Taleh Əliyev Sfera.az-a açıqlama verib.
O bildirib ki, Xocalı cəlladı Robert Köçəryanın həbsi, əslində, onun siyasi rəqib, siyasi müxalif kimi sıradan çıxarılmasından daha çox, Ermənistanda Rusiya ilə yeni müstəviyə keçən qarşıdurmada Rusiyanın Ermənistandakı “5-ci kolonunun” sıradan çıxarılması məqsədini daşıyır:
“Bildiyiniz kimi, bu günlərdə Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı açıqlama verdi və ardından da ölkəsinin Avropa İttifaqına üzvlüklə bağlı prosesə başlayacağını bəyan etdi. Heç şübhəsiz ki, bu, geosiyasi baxımdan yeni bir situasiya yaradacaq açıqlamalardır. Bu isə Rusiyanın Ermənistandakı tərəfdarları, “5-ci kolon”un təmsilçiləri vasitəsilə Nikol Paşinyana təzyiqin daha sərt formada reallaşacağı qənaətini yaradır”.

Politoloq Serj Sarkisyanın da həbs olunacağını bildirib:
“Kifayət qədər kəşfiyyat məlumatlarına malik Nikol Paşinyan Ermənistanda Rusiyanın belə təxribatlarının qarşısını almaq üçün qabaqlayıcı addım olaraq məhz rəqib düşərgənin liderlərini konkret cinayət məsuliyyətinə cəlb etməklə, həm də bu düşərgəni iflic vəziyyətinə salmağı planlaşdırır. Bu prosesin davamı olaraq, yəni Robert Köçəryanın həbsinin ardınca digər Qarabağ qatili olan 3-cü prezident Serj Sarkisyanın da həbs olunması ehtimalı yüksəkdir. Yeri gəlmişkən, onun da bu səs-küylü həbs prosesi çərçivəsində dindirilmək üçün saxlanıldığı ilə bağlı foto və video görüntülər paylaşılıb”.
Bəsti Rəfizadə






