Qalıcı dırnaq boyasının görünməyən təhlükələri

Son illərdə geniş yayılan qalıcı dırnaq boyası və protez dırnaq tətbiqləri ilə bağlı mütəxəssislər xəbərdarlıq ediblər. Dırnaq boyası və geli qurutmaq üçün istifadə olunan işıqlı cihazların yaydığı şüaların dəridə erkən yaşlanmaya səbəb ola biləcəyi və uzunmüddətli istifadədə xərçəng riskini artıra biləcəyi bildirilib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akdeniz universiteti tibb fakültəsinin professoru Ayşə Akman xüsusilə bu prosedurları tez-tez etdirən şəxslərin diqqətli olmasını tövsiyə edib. Onun sözlərinə görə, prosedur zamanı dırnaqları açıqda saxlayan xüsusi əlcəklərdən istifadə etmək və əllərə günəşdən qoruyucu krem çəkmək mümkündür.
Mütəxəssis qalıcı dırnaq boyası və protez dırnaqların dırnaq strukturunu zəiflədə və zədələyə biləcəyini bildirib. Dırnaq üzərində yaranan qalın təbəqə dırnaq altındakı toxumaların müayinəsini də çətinləşdirir. Bu isə bəzi xəstəliklərin gec aşkarlanmasına səbəb ola bilər.
Bu prosedurların göbələk infeksiyasına və “distrofiya” adlanan qalıcı dırnaq deformasiyalarına səbəb ola biləcəyi qeyd edilir.
Dırnaq məhsullarının tərkibindəki kimyəvi maddələr də allergik reaksiyalara səbəb ola bilər. Hətta adi dırnaq boyası belə göz qapağı kimi həssas nahiyələrdə kontakt ekzema yarada bilər. Tez-tez tətbiq edən manikür ustalarında da allergiya riski arta bilər.
Mütəxəssislər dırnaqlarda rəng, forma və ya struktur dəyişikliyi müşahidə edən şəxslərə vaxt itirmədən dermatoloqa müraciət etməyi tövsiyə edir.
Mənsumə






