Bu qaydanı pozan piyadalar cərimələnəcək

Bu qaydanı pozan piyadalar cərimələnəcək
Kateqoriya məlum deyil
T

İtaliyada yol təhlükəsizliyinin artırılması məqsədilə yeni qaydaların tətbiqi planlaşdırılır. Hazırlanan qanun layihəsinə əsasən, yolu keçərkən mobil telefondan və ya digər elektron cihazlardan istifadə edən piyadalar 75 avrodan (təxminən 149 man) başlayan cərimə ilə üzləşə biləcəklər.

Sfera.az xəbər verir ki, yeni qaydanın oktyabr ayının ortalarına qədər təsdiqlənməsi gözlənilir. Məqsəd diqqəti telefonuna yönəlmiş piyadaların sürücülər tərəfindən gec fərq edilməsinin qarşısını almaq və mümkün qəzaların sayını azaltmaqdır.

Qayda yalnız mobil telefonlara deyil, planşet, noutbuk və rəqəmsal kamera kimi digər elektron cihazlara da şamil olunacaq.

Yeni məhdudiyyətlər yalnız yolu keçən piyadalara aid olacaq. Səkidə telefonla hərəkət edən şəxslər cərimələnməyəcək.

Qanun layihəsində piyadaların yolu keçməzdən əvvəl yaxınlaşan avtomobilin sürücüsünün onları gördüyünə və dayanmağa hazır olduğuna əmin olmaları da nəzərdə tutulur.

İtaliyada sürücülərin sükan arxasında mobil telefondan istifadəsinə görə cəzaların sərtləşdirilməsi də planlaşdırılır. Təkrar pozuntu halında cərimənin 2 588 avroya ( təxminən 5128 man) qədər artırılması və sürücülük vəsiqəsinin 1-3 ay müddətinə dayandırılması nəzərdə tutulur.

İtaliya bu cür qaydaları tətbiq etməyi planlaşdıran ilk ölkə deyil. Litvada 2018-ci ildən yolu keçərkən telefondan istifadə edən piyadalar cərimələnir. ABŞ-ın Honolulu şəhərində 2017-ci ildən oxşar qaydalar qüvvədədir.

Yaponiyanın Yamato şəhərində isə 2020-ci ildə piyada hərəkəti zamanı mobil telefondan istifadəyə məhdudiyyət qoyulub.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR