Samsung Galaxy S26 FE-nin təqdimat tarixi bəlli oldu

“Samsung”-un yeni “Galaxy S26 FE”modelini 27 avqust 2026-cı ildə keçiriləcək Galaxy Event tədbirində təqdim edəcəyi gözlənilir.
Sfera.az xəbər verir ki, “Samsung” avqustun 27-də baş tutacaq tədbirdə yeni “Galaxy S26 FE”smartfonunu nümayiş etdirməyə hazırlaşır. Modelin “Galaxy S26”seriyasının əsas xüsusiyyətlərini daha münasib qiymətə təqdim edəcəyi, bəzi funksiyalardan isə məhrum olacağı bildirilir.
İndiyədək yayılan məlumatlara görə, “Galaxy S26 FE”-nin enerji səmərəliliyi və düşməyə davamlılıq göstəricisi A, təmir oluna bilmə səviyyəsi isə C kimi qiymətləndiriləcək.
Smartfonun batareyasının 1 200 şarj dövrünə qədər davam gətirəcəyi və 50 saata qədər istifadə müddəti təqdim edəcəyi gözlənilir. Bundan əlavə, cihazın IP68 səviyyəsində toz və suya davamlılıq xüsusiyyətinə sahib olacağı iddia edilir.
“Galaxy S26 FE”-nin prosessoru ilə bağlı isə Exynos 2500 çipinin seçiləcəyi gözlənilir.
“Samsung”-un tədbirdə “Galaxy S26 FE” ilə yanaşı, yeni nəsil SmartTag 3 izləmə cihazını da təqdim edə biləcəyi bildirilir. SmartTag 3-ün daha müasir “Bluetooth” modulu və təkmilləşdirilmiş bağlantı imkanları ilə gələcəyi gözlənilir.
Mənsumə






