Avropa muzeylərində zorakı qarətlər artır: Europol xəbərdarlıq etdi

Europolun yayımladığı hesabatda Avropada muzeylərdə törədilən qarətlərdə zorakılıq hallarının əhəmiyyətli dərəcədə artdığı bildirilib.
Cinayətkar qrupların əvvəlki dövrlərdə istifadə etdikləri oğurluq üsullarından uzaqlaşaraq odlu silah, balyoz və hətta partlayıcılardan istifadə etməyə başladığı vurğulanıb.
Sfera.az xəbər verir ki, hesabatda cinayətkarların əsasən sosial media və mesajlaşma tətbiqləri vasitəsilə bir-birini tanımayan şəxslərdən ibarət müvəqqəti qruplar yaratdığı qeyd olunub. Hesabata görə, qarətlərin əsas hədəfi yüksək maddi dəyəri olan qiymətli metallar və zərgərlik məmulatlarıdır. Qızılın asanlıqla əridilərək formasının dəyişdirilməsi, qiymətli daşların isə ayrıca satıla bilməsi bu əşyaları cinayətkarlar üçün xüsusilə cəlbedici edir. Bundan əlavə, qara bazarda yüksək tələbat olduğu üçün qədim Çin çini məmulatlarının da muzeylərdə oğruların əsas hədəflərindən birinə çevrildiyi bildirilib.
Europol hesabatında yaxın dövrdə baş vermiş konkret hadisələrə də yer verilib. 2024-cü ildə Parisdəki Konyak-Jay Muzeyinə balta və dəyənəklərlə silahlanmış, üzləri maskalı dörd nəfərin daxil olaraq yeddi qiymətli eksponatı oğurladığı xatırladılıb. 2025-ci ilin yanvarında isə bir qrup şəxs Niderlanddakı Drents Muzeyinin girişində partlayış törədərək Dakiyalılar dövrünə aid tarixi artefaktları oğurlayıb.
Hesabatda 2025-ci ilin oktyabrında Parisdəki Luvr Muzeyinin Apollon qalereyasında da silahlı şəxslərin vitrinləri sındıraraq təxminən 88 milyon avro dəyərində zinət əşyalarını apardığı qeyd olunub. Europolun məlumatına əsasən, bəzi mütəşəkkil cinayət qrupları konkret əməliyyatlar üçün birdəfəlik muzdla işləyən şəxslər cəlb edir. Digər tərəfdən, adi cinayətkar dəstələr də muzey qarətlərini aşağı risk və yüksək gəlir gətirən fəaliyyət kimi qiymətləndirərək bu sahəyə yönəlirlər. Europol xəbərdarlıq edib ki, muzeylərə qarşı hücumlarda zorakılığın artması həm mədəni irs üçün, həm də insanların təhlükəsizliyi baxımından ciddi risk yaradır.
İradə Elsevər
Sfera.az






