Yatanda nəfəsiniz daralırsa, səbəbi bu ola bilər

Nəfəs darlığı yalnız ağciyər xəstəliklərinin əlaməti deyil. Ürək problemləri, qanazlığı, bəzi hormonal və metabolik pozuntular da nəfəs almaqda çətinlik yarada bilər. Xüsusilə düz uzanarkən artan, qəfil başlayan və ya getdikcə şiddətlənən nəfəs darlığı ciddi qəbul edilməlidir.
Sfera.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, nəfəs darlığının səbəbini müəyyənləşdirərkən şikayətin nə zaman başladığı, hərəkət zamanı artıb-artmadığı və insanın hansı vəziyyətdə rahatladığı nəzərə alınmalıdır.
Bəzi ürək çatışmazlığı xəstələrində düz uzanarkən nəfəs darlığı artır, oturanda və ya yarıoturaq vəziyyətə keçdikdə isə azalır. Tibbdə bu hal “ortopne” adlanır. Lakin bu əlamət təkbaşına problemin ürəkdən qaynaqlandığını göstərmir. Ağciyər xəstəlikləri də oxşar şikayətlərə səbəb ola bilər.
Nəfəs darlığının səbəbini müəyyən etmək üçün həkim müayinəsi ilə yanaşı ağciyər rentgeni, tənəffüs funksiyası testləri və qan analizləri aparıla bilər. Lazım gəldikdə ürək və digər mümkün səbəblər də araşdırılır.
Qəfil başlayan və sürətlə ağırlaşan nəfəs darlığı isə daha ciddi vəziyyətlərin əlaməti ola bilər. Xüsusilə sinə ağrısı, huşun itməsi, göyərmə, qanlı bəlğəm və ya oksigen səviyyəsinin kəskin düşməsi müşahidə olunarsa vaxt itirmədən təcili tibbi yardım almaq vacibdir.
Mənsumə






