Bu kosmetik məhsullara diqqət!

Bu kosmetik məhsullara diqqət!
Kateqoriya məlum deyil
T

Gündəlik qulluq zamanı istifadə edilən bütün kosmetik məhsulların xərçəngə səbəb olduğunu söyləmək doğru deyil. Lakin mütəxəssislər bəzi məhsulların tərkibindəki maddələrin uzun müddət və intensiv istifadəsinin müəyyən sağlamlıq riskləri yarada biləcəyini bildirirlər. Xüsusilə kimyəvi saç düzləşdiricilər, düzgün şəraitdə saxlanılmayan kosmetik vasitələr və UV lampası ilə qurudulan qalıcı dırnaq boyaları diqqət çəkir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, tibbi onkologiya üzrə mütəxəssis fr. Burçin Çakan Demirel kosmetik məhsulların tərkibi, istifadə tezliyi və saxlanma şəraitinin sağlamlıq baxımından mühüm olduğunu qeyd edib. Onun sözlərinə görə, etibarlı olmayan və tərkibi bəlli olmayan məhsullar daha böyük risk daşıya bilər.

Mütəxəssislər son illərdə kimyəvi saç düzləşdiricilərlə bağlı aparılan araşdırmaların diqqətçəkən nəticələr verdiyini bildirirlər. Təxminən 34 min qadının iştirak etdiyi bir araşdırmada bu məhsullardan tez-tez istifadə edən qadınlarda uşaqlıq xərçəngi riskinin daha yüksək olduğu müəyyən edilib. Tədqiqatçılar formaldehid kimi bəzi kimyəvi maddələrin bu əlaqədə rol oynaya biləcəyini ehtimal edirlər.

Bəzi kosmetik vasitələrin tərkibində birbaşa benzol olmasa da məhsulların düzgün olmayan şəraitdə saxlanılması arzuolunmaz kimyəvi dəyişikliklərə səbəb ola bilər. Xüsusilə benzoil peroksid tərkibli məhsulların uzun müddət yüksək temperaturda saxlanılmaması tövsiyə olunur.

Qalıcı dırnaq boyalarının qurudulması üçün istifadə edilən UV lampaları da mütəxəssislərin diqqət çəkdiyi məsələlərdəndir. Burada əsas riskin dırnaq boyasının özündən deyil qurutma zamanı dərinin UV şüalarına məruz qalmasından qaynaqlana biləcəyi bildirilir. Buna görə də prosedurların lazımsız və tez-tez təkrarlanmasından çəkinmək mümkün qoruyucu tədbirləri nəzərə almaq vacibdir.

Mütəxəssislər kosmetik məhsulun haradan alındığının da böyük əhəmiyyət daşıdığını vurğulayırlar. Tərkibi məlum olmayan, saxta və ya qeyri-qanuni istehsal edilən məhsullarda nəzarətsiz kimyəvi maddələr ola bilər.

Bu səbəbdən kosmetik vasitələrin etibarlı brendlərdən və rəsmi satış məntəqələrindən alınması tövsiyə edilir. Mütəxəssislərə görə, kosmetik məhsullardan istifadə zamanı panikaya düşmək əvəzinə tərkibə diqqət yetirmək, düzgün saxlama qaydalarına əməl etmək və həddindən artıq istifadədən çəkinmək daha təhlükəsiz yanaşmadır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR