Dünya Kuboku məşhurlara milyonlar qazandırdı

Dünya Kuboku yalnız futbol azarkeşləri üçün deyil, məşhur simalar və böyük brendlər üçün də nəhəng qazanc mənbəyinə çevrilib.
Sfera.az xəbər verir ki, turnir zamanı reklam və sponsorluq müqavilələri ilə milyonlarla dollar gəlir əldə edən məşhurlar arasında Devid Bekhem və Şakira da yer alıb.
Keçmiş futbolçu Devid Bekhem Dünya Kuboku dövründə reklam anlaşmalarından 24,7 milyon dollar qazanaraq ən çox gəlir əldə edən məşhurlardan biri olub. İngiltərə futbolunun əfsanəsi müxtəlif beynəlxalq brendlərin kampaniyalarında iştirak edib və turnir boyunca ən çox tələb olunan reklam simalarından sayılıb.
Bekhemin həyat yoldaşı Viktoriya Bekhemlə birlikdə ümumi sərvətinin 1,54 milyard dollar olduğu bildirilir.
Kolumbiyalı müğənni Şakira isə Dünya Kuboku zamanı reklam və sponsorluq layihələrindən 19,5 milyon dollar gəlir əldə edib. O, turnirin bağlanış mərasimində Burna Boy ilə birlikdə səhnəyə çıxıb. Bu Şakiranın Dünya Kuboku tədbirlərində dördüncü çıxışı olub.
Bundan əlavə digər məşhurlar da turnirdən böyük gəlirlər əldə ediblər. Justin Bieber 15,6 milyon dollar, Timoti Şalamet 15,6 milyon dollar, Blackpink qrupunun üzvü Lisa 11,7 milyon dollar, Kim Kardaşyan 10,4 milyon dollar, Madonna isə 5,2 milyon dollar qazanıb.
Beləliklə, Dünya Kuboku təkcə idman yarışı deyil, həm də qlobal reklam və marketinq imkanları yaradan böyük iqtisadi platformaya çevrilib.
Mənsumə






