Bu, günvurma əlamətidir - Həkimdən TÖVSİYƏ

Bu, günvurma əlamətidir - Həkimdən TÖVSİYƏ
Kateqoriya məlum deyil
T

Yay mövsümündə havaların kəskin istiləşməsi ilə əlaqədar günvurma hallarına rast gəlmək olur.

Günvurma nəticəsində bədəndə yanıqlar baş verə, hətta bu, ölümə də gətirib çıxara bilər.

Bəs günvurma hansı hallarda baş verir və onun ilk əlamətləri nələrdir? Belə vəziyyətlərdə ilkin yardım necə göstərilməlidir?

Bu haqda həkim-terapevt Zakir Quliyev Sfera.az-a açıqlama verib. Mütəxəssis günvurmanın hansı hallarda baş verdiyini və kimlərin risk altında olduğunu bildirib:

“Günvurma insanın uzun müddət birbaşa günəş şüaları altında qalması nəticəsində bədən temperaturunun həddindən artıq yüksəlməsi ilə baş verir və vaxtında müdaxilə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Bu vəziyyət xüsusilə azyaşlı uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, ürək-damar, şəkərli diabet və tənəffüs sistemi xəstəlikləri olan şəxslər, artıq çəkidən əziyyət çəkənlər, açıq havada çalışan işçilər, idmançılar və kifayət qədər maye qəbul etməyən insanlar üçün daha böyük risk yaradır. Bu qrupdakı insanların orqanizmi yüksək temperaturun təsirinə daha həssas olduğu üçün günvurması ilə qarşılaşma ehtimalı digərlərinə nisbətən daha yüksəkdir”.

Z.Quliyev günvurmanın qarşısını almaq üçün nələr etmək lazım olduğunu açıqlayıb:

“İlk növbədə, günün ən isti saatları hesab olunan 11:00-16:00 aralığında mümkün qədər açıq havada və birbaşa günəş altında qalmamaq tövsiyə edilir. Günəşə çıxarkən açıq rəngli, nazik və rahat geyimlər geyinmək, başı qorumaq üçün papaq və ya şlyapadan, gözləri qorumaq üçün isə gün eynəyindən istifadə etmək vacibdir. Orqanizmin susuz qalmaması üçün gün ərzində kifayət qədər su içmək, qazlı və spirtli içkilərdən uzaq durmaq, ağır fiziki işləri və intensiv idmanı sərin saatlara keçirmək məsləhətdir. Həmçinin tez-tez kölgəli və ya sərin yerlərdə dincəlmək, otaqları havalandırmaq və lazım gəldikdə kondisioner və ya ventilyatordan istifadə etmək də günvurmasının qarşısını almağa kömək edir. Əgər günəş altında qaldıqdan sonra baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, bədən hərarətinin yüksəlməsi və ya huşun bulanması kimi əlamətlər müşahidə olunarsa, insan dərhal sərin yerə aparılmalı, bədəni soyudulmalı, imkan daxilində su verilməli və vəziyyət ağırdırsa, təcili tibbi yardım çağırılmalıdır. Sadə profilaktik tədbirlərə əməl etməklə yay aylarında günvurmasının qarşısını almaq və sağlamlığı qorumaq mümkündür”.

Bəs yay ayı daxil olandan bəri ölkədə günvurmadan ölənlənlərin sayı nə qədərdir?

Mövzu ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Sorğuya cavab olaraq bildirilib ki, ötən ay ərzində Azərbaycanda günvurma ilə bağlı xəstəxanalara müraciət olunmayıb və ölüm faktı qeydə alınmayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ