Dünya Çempionatında tarixi duel: Messi yoxsa Mbappe?

Futbol dünyası ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatının həyəcanını yaşayır. Lakin builki turnir təkcə komandaların kubok uğrunda mübarizəsi ilə deyil, həm də futbol tarixinin ən böyük fərdi rekordu uğrunda gedən amansız duellə şahidlik edir. Söhbət dünya çempionatları tarixinin ən çox qol vuran oyunçusu titulundan gedir.
Sfera.az xəbər verir ki, almaniyalı Miroslav Klozenin 16 qolluq tarixi rekordunu geridə qoyan argentinalı Lionel Messi və fransız Kilian Mbappe hazırda zirvəni bölüşmək üçün yarışır.
Son statistikaya əsasən, Messinin aktivində 19, Mbappedə isə 18 qol var.
Karyerasının son dünya çempionatını keçirən 39 yaşlı Lionel Messi hazırda 19 qolla siyahının mütləq lideridir. Sosial şəbəkələrdə, xüsusilə "X" və "Instagram" platformalarında argentinalı fanatlar Messinin bu çempionatda daha bir neçə qol vuraraq rekordu əlçatmaz edəcəyinə inanırlar. Azarkeşlər hesab edir ki, Messi artıq futbolu tamamlayıb və bu turnirdə vurduğu hər qol onun "GOAT" statusunu bir daha möhürləyir. İdman analitikləri və sosial şəbəkə fenomenləri də qeyd ediblər ki, Argentina yığmasının birbaşa Messiyə yönəlik oyunu onun qol sayını artırmasına şərait yaradır, lakin yaş amili və fiziki yorğunluq onun bu turnirdəki qollarının limitli ola biləcəyi ehtimalını da irəli sürür.
Digər tərəfdən isə Fransa millisinin super ulduzu Kilian Mbappe turnirə fırtına kimi başlayıb və son oyunlardakı performansı ilə qol sayını 18-ə çatdıraraq Messini geridə qoyur. 27 yaşlı hücumçu hələ indidən dünya çempionatlarının pley-off mərhələlərində vurduğu qollarla tarixə düşüb və sosial şəbəkələrdəki idman proqnozçularının böyük əksəriyyəti yekun rekordun məhz Mbappeyə məxsus olacağını iddia edir. Bunun ən sadə səbəbi kimi isə zaman və yaş amili göstərilir. Mbappe hələ gəncdir, onun qarşıda daha bir neçə dünya çempionatında oynamaq şansı var və virtual məkandakı rəylərə görə, azarkeşlərin böyük qismi fransız hücumçunun builki turnir başa çatmamış Messini ötəcəyini proqnozlaşdırır.
Hazırda hər iki futbolçunun bombardirlik yarışında gərgin mübarizə aparması sosial şəbəkələrdə "Mbappe bu templə rekordu tamamilə təzələyə bilər" şərhlərinin üstünlük təşkil etməsinə səbəb olub. Ümumilikdə futbolsevərlərin ən çox paylaşdığı və arzuladığı ssenari isə Argentina və Fransanın növbəti mərhələlərdə qarşılaşması və bu rekord mübarizəsinin birbaşa yaşıl meydanda həll olunmasıdır. Keçirilən rəy sorğularının nəticələrinə əsasən, azarkeşlərin təxminən 65 faizi Mbappenin bu turnirdə Messini keçərək bütün zamanların ən çox qol vuran oyunçusu olacağını düşündüyü halda, 35 faizlik kütlə Messinin liderliyi əldən verməyəcəyinə və karyerasını mütləq rekordçu kimi bitirəcəyinə inanır.
Nəticə etibarilə, dünya futbolu unikal bir tarixi ana şahidlik edir və Messi zirvədə qalmaq üçün, Mbappe isə futbol imperiyasının yeni kralı olmaq üçün qolları sıralayır.
Bəsti Rəfizadə
