BƏƏ-ni müdafiə etdilər - İranla gərginlik yaranacaq...

BƏƏ-ni müdafiə etdilər - İranla gərginlik yaranacaq...
Kateqoriya məlum deyil
T

Bəhreyndə keçirilən toplantının yekun bəyanatında Körfəz Əməkdaşlıq Şurasına daxil olan dövlətlər Bəsrə körfəzində yerləşən üç adaya dair əvvəlki mövqelərini yenidən ifadə ediblər.

 

Şura ölkələri İranın həmin adaları nəzarətdə saxlamasını kəskin şəkildə tənqid edib və adaların qanuni olaraq Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu vurğulayıblar. Körfəz Əməkdaşlıq Şurası üzvləri Tehrandan tələb ediblər ki, ya adaların statusu ilə bağlı BƏƏ ilə bilavasitə danışıqlara başlanmasına razılıq versin, ya da məsələnin Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılmasına şərait yaratsın.

 

Bu tələbə İranın reaksiyası necə olacaq? Və bu məsələ, BƏƏ-yə açıq dəstək, İran-BƏƏ münasibətlərini kəskinləşdirə bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, Bəhreyndə keçirilən iclasda üç ada məsələsinin yenidən gündəmə gətirilməsi gözlənilən hal olub:

 

 

“İran illərdir bu adaların özünün ayrılmaz hissəsi olduğunu bildirir və hər hansı beynəlxalq müzakirəyə açıq olmadığını vurğulayır. Ona görə də Körfəz Əməkdaşlıq Şurası Ölkələrinin bu bəyanatına İran tərəfdən sərt ritorik cavab gəlməsi və məsələnin “xarici müdaxilə” kimi təqdim edilməsi ehtimalının böyük olduğunu düşünürəm”.

 

Ü.Zülfiqar rəsmi Tehranın istənilən birbaşa danışıqlar çağırışına rədd cavabı verəcəyini əlavə edib:

 

“İran bəyanatlarda sərt çıxışlar səsləndirə bilsə də bu məsələdə hərbi qarşıdurmaya maraqlı deyil, çünki yeni bir cəbhə açmaq onun üçün əlavə risklər yaradır. Digər tərəfdən, bu bəyanat Körfəz Əməkdaşlıq Şurası Ölkələri, xüsusən də BƏƏ ilə münasibətlərdə soyuqluğun genişlənməsinə səbəb ola bilər. Son illər hər ikisi arasında müəyyən yumşalma cəhdləri mövcud olsa da bu məsələ münasibətlərin yenidən soyuqlaşmasına gətirib çıxara bilər”.

 

Xatırladaq ki, İran və BƏƏ uzun illərdir Hörmüz boğazına yaxınlığı və regiondakı neft potensialına görə strateji mövqedə olan Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları üzərində mübahisə edir. Adalar 1971-ci ilə qədər İngiltərənin nəzarətində olub. 1971-ci ilin noyabrında İngiltərə adaları BƏƏ-yə təhvil verərək geri çəkildikdən sonra İran əraziləri ələ keçirib. BƏƏ adalarda hərbi qüvvələrini yerləşdirən İranı "işğalçı" adlandırır.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ